Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48
29 saylı Səbail Dairə Seçki Komissiyası bir nəfərin 5 vətəndaşın yerinə səs verməsi ilə bağlı şikayəti araşdırıb. Komissiyanın sədri Cahangir Məmmədov deyir ki, araşdırdıqları yalnız bu şikayətdir, onun da heç bir hüquqi əsası yoxdur.

Hüquqi baxımdan əsassız hesab edilən şikayətlər «Respublika» və «Qarabağ və Respublika Uğrunda» təşviqat qruplarının müşahidəçiləri tərəfindən təqdim olunub. Onların MSK-ya verdiyi 180 aktdan 77-sini əvvəlcədən ləğv ediblər.

Müsavat partiyasından Tofiq Yaqublu bu aktlarda yalnız texniki problemlərin olduğunu bildirir.

«Sadəcə olaraq akt düzgün tərtib olunmayıb. Belə ki, ya ayın tarixini qoymayıblar, ya müşahidə etdikləri pozuntuları düzgün ifadə edə bilməyiblər. Bizdə əvvəlki seçkidən qalmış aktlar vardı, hazır blanklar. Müşahidəçi də orda ayın tarixində düzəliş etməyib. Amma faktiki olaraq orda söhbətin referendumdan getdiyi bəllidir».

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə bununla razılaşmır:

«Bir çox müşahidəçilər aktlarında özləri öz yalanlarını üzə çıxardılar. Aktın girişində bir söz yazırlar, sonra da başqa söz. Biri yazır ki, məntəqədən polis məni uzaqlaşdırdı, axırda da yazır ki, qutular açılanda bu qədər bülleten çıxdı, lakin səsverməyə bu qədər adam gəlmişdi. Əgər sən məntəqədən uzaqlaşdırılmısansa, bunları hardan bilirsən?»

Müxalifət partiyalarının MSK-ya göndərdiyi şikayətlərə «karusel» əməliyyatı, seçki qutusuna topa bülletenlərin atılması, seçicilərin barmaqlarının mürəkkəbə batırılmaması kimi pozuntular aiddir.

Azər Sarıyev deyir ki, müvafiq dairə seçki komissiyalarında bu kimi 100-dən çox şikayətin araşdırılması davam edir.

Araşdırma aparmalı olan dairələrdən 42 saylı Sumqayıt 2-ci, 11 saylı Qaradağ seçki dairələri ilə əlaqə saxlamaq mümkün olmadı. Hər iki komissiyalardan telefona cavab verən yox idi. 23 saylı Nəsimi-Səbail seçki dairəsi isə günortadan bağlanmışdı.

Hüquqşünas Sadiqə Mehdizadə deyir ki, MSK-nın «hüquqi əsası yoxdur» ifadəsinin özü əsassızdır. O, bunu «Vətəndaşların müraciətlərinə baxılması haqqında» qanuna istinadən bildirir. Onun dediyinə görə, şikayətçilər, aktlar varsa və bu şəxslər şikayətdən geri çəkilmirlərsə, deməli burda hüquqi əsas var:

«Əgər müşahidəçi MSK-ya şikayət yazıbsa, onlar da şikayəti qəbul ediblərsə, artıq onlar məntiqi və hüquqi təsdiqləyirlər ki, burda söhbət hüquq pozuntusundan gedir. Çünki şikayət pozulan hüququn bərpasıyla bağlı müvafiq orqana yazılan müraciətdir. Hər hansı bir hərəkət və ya hərəkətsizlikdən vətəndaşın hüququ pozulursa, məhdudlaşdırılırsa, o artıq hüquqa ziddlik və ya pozuntu əmələ gətirir. Hüquqa ziddlik varsa, deməli hüququn əzilməsi var. Hüququn əzilməsi varsa, artıq hüquqi əsas var».

Bir neçə günə MSK şikayətlərin araşdırılmasını bitirəcək. Azərbaycan Xalq Cəbhəsi Partiyasından Həsən Kərimov deyir ki, cavablar bəlli olandan sonra MSK-nı məhkəməyə verməyi düşünürlər. Pozuntu hallarından xəbər verən fotolar, videolar və sənədlər ilə hətta Avropa İnsan Haqları Məhkəməsinə qədər getmək istəyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG