Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:45

Heydər Babayevin şəklini şərəf lövhəsindən çıxarıblar


Yuxarıda sağdan ikinci Heydər Babayevin şəkli olub

Yuxarıda sağdan ikinci Heydər Babayevin şəkli olub

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin adı və şəkilləri bəzi yerlərdən götürülməkdədir.

Misal üçün Bakının Səbail rayonundakı 7 saylı orta məktəbdə bir müddət əvvələ qədər sabiq nazirinin fotoşəkli «Onlar məktəbimizin fəxridirlər» lövhəsində olsa da, indi onun yerinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sabiq sədri Gündüz Məmmədovun fotoşəkli qoyulub.

Həmin məktəbin müəllimlərindən birinin «Azadlıq» radiosuna dediyinə görə, əslində Heydər Babayev 7 saylı məktəbin məzunu olmayıb, sadəcə o nazir olanda məktəbi əsaslı təmir etdirib. Ona görə məktəbin fəxri kimi onun şəkli şərəf lövhəsində olub.

Amma nazir postundan çıxarılandan sonra H.Babayevin şəkli məktəbin şərəf lövhəsindən çıxarılıb. Həmsöhbətim olan müəllim şəkilin çıxarılmasında hansısa bir məna axtarmağa lüzum görmür.

O deyir ki, ola bilsin şagirdlər şəkli çıxarıb harasa atıblar. Bir də həmsöhbətim bu məsələ ilə indiyə qədər bir neçə jurnalistin də maraqlandığını dedi.

«Qaynar.info» portalı isə sabiq nazirin şəklinin 7 saylı məktəbin şərəf lövhəsindən çıxarılmasının referendum ərəfəsinə təsadüf etdiyini yazır.

Onu da xatırlatmaq yerinə düşər ki, həmin məktəbin şərəf lövhəsində Milli Məclisin spikeri Oqtay Əsədovun da şəkli var.

«ABU Petrol» yanacaqdoldurma məntəqəsi
Onu da deyək ki, məktəbdəki lövhədən xalq artisti Telman Adıgözəlovun da fotoşəkili götürülüb, amma yerinə hələ ki heç kimin şəkli qoyulmayıb. Məktəbdə bizə deyildiyinə görə, xalq artistinin şəklinin çıxarılması aktyorun kimisə parodiya etməsindən sonra baş verib.

Bir neçə gündür ki, bəzi KİV-lərdə sabiq nazirə yaxınlığı bildirilən «ABU Petrol» şirkətinə məxsus brendin bəzi yanacaq doldurma məntəqələrinin üzərindən yığışdırıldığı barədə yazılar dərc olunmaqdadır.

Şəhərdə apardığımız müşahidələrdən «ABU» brendinin yanacaq doldurma məntəqələri üzərindən götürülməsinə rast gəlmədik.

«Azadlıq» qəzeti isə Lökbatan dairəsi yaxınlığındakı «ABU» yanacaq doldurma məntəqəsinin üzərindən «ABU» loqosunun çıxarıldığını yazır.

Araşdırmalarımızdan o da aydın oldu ki, indiyə qədər yol tikintisi ilə bağlı iki «ABU Petrol» məntəqəsini söküblər. Bunun biri H. Babayevin nazir olduğu dövrdə baş versə də, digəri onun vəzifədən getməsindən sonra olub.

«ABU» holdinqdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Şərhləri göstər

XS
SM
MD
LG