Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:00

«Gün səhər»: «Mülki müdafiə obyektlərinin əksəriyyəti ya yarasız hala salınıb, ya da satılıb»


«Gün səhər» qəzetinin əməkdaşı hazırda paytaxt Bakı və ölkənin digər şəhər və rayonlarının fövqəladə hallara hazır olub-olmadığını araşdırıb. Onun yazdığına görə, sovet hökumətinin mirası olan mülki müdafiə obyektləri, sığınacaqlar, hava hücumundan müdafiə qurğularından bu gün əsər-əlamət belə qalmayıb. Həmin obyektlərin əksəriyyəti ya yarasız hala salınıb, ya da mülki şəxslərə satılıb. Hərbi ekspert Üzeyir Cəfərovun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi mülki müdafiə obyektlərinin yeri, sayı və oradakı mövcud vəziyyəti öyrənmək üçün ciddi araşdırmalara başlayıb. Nazir Kəmaləddin Heydərov Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında məsələ qaldırıb ki, SSRİ-dən qalma sığınacaqlar və qurğular necə təhvil alınmışdısa, həmin vəziyyətdə də yeni yaradılan nazirliyə təhvil verilsin.


İyunda AŞPA-nın yay sessiyasında «Azərbaycanda keçirilmiş seçkilər» adı altında müzakirələr olacaq. «Yeni Azərbaycan» qəzetinin müxbiri ilə söhbətində AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq Münasibətlər Komissiyasının sədri Səməd Seyidov belə deyib. AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin tərkibində müxalifəti təmsil edən iki nəfərin olmadığını xatırladan Səməd Seyidov təkrar seçkilərdən sonra həmin iki nəfərin də təyin ediləcəyini bildirib.


«Freedom House» Təşkilatının Azərbaycan üzrə məruzəsini hazırlayan Kaan Nazli isə «Ayna» qəzetinə müsahibəsində may ayındakı təkrar seçkilərdən də ciddi müsbət irəliləyiş gözləmədiyini bildirir. Kaan Nazli qeyd edir ki, seçkilərdən sonra ABŞ-ın səlahiyyətli şəxsləri ilə görüşlər zamanı onlar deyirdilər ki, «Azərbaycan hakimiyyəti azad seçki keçirməyib. ABŞ İlham Əliyevlə münasibətlərində məsafə saxlayacaq». Lakin altı aydan sonra bu siyasət dəyişib. Burada İran amili ciddi rol oynayaraq demokratik prinsipləri arxaya sıxışdırıb. Kaan Nazlinin fikrincə, demokratiyanın bərqərar olması üçün əsas iş Azərbaycan hakimiyyətinin üzərinə düşür. Amma müxalifət və QHT-lər xalqın dəstəyini qazana bilərsə, o zaman heç bir iqtidar bu demokratikləşmənin qarşısını ala bilməyəcək. Kaan Nazliyə görə, hazırda ABŞ-ın demokratik proseslərə dəstək verəcəyinə ümid etməyə dəyməz.


XS
SM
MD
LG