Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:11

MSK Venesiya Komissiyasından yardım istəyir


Mərkəzi Seçki Komissiyası (MSK) şikayətlərə baxılması qaydasının təkmilləşdirilməsində texniki yardım üçün Avropa Şurasının Venesiya Komissiyasına müraciət edib. Həmin qaydaların təkmilləşdirilməsini Venesiya Komissiyası noyabrdakı parlament seçkilərindən sonra Bakıya göndərdiyi tövsiyələrində qeyd etmişdi.


Prezident Aparatı Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev deyir ki, artıq aprelin əvvəllərində bu tövsiyələrdən bəzisi ilə bağlı Bakı ilə Venesiya Komissiyası arasında razılıq əldə olunub.



Prezident Aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov, 14 aprel 2005
Amma ötən parlament seçkisindən sonra verilən həmin tövsiyələrdə şikayətlərə baxılmasından savayı, seçki qanunvericiliyi ilə bağlı da təkliflər vardı.

Aprelin 28-də Venesiya Komissiyası noyabr seçkiləri ilə bağlı Bakıda dəyirmi masa keçirdi. Həmin tədbirdə Prezident Aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirdi ki, seçki praktikasının təkmilləşməsi barədə komissiyanın verdiyi tövsiyələrlə bağlı müzakirələr aparılır. Nə mümkündürsə, seçkini ayrı-ayrı siyasi qüvvələrin iradəsindən asılı vəziyyətə salmırsa, onu nəzərə alacaqlar. Cənab Həsənov seçki komissiyalarının paritet əsaslarla formalaşması haqda təklifin tənqidi qəbul olunduğunu desə də, may seçkisindən sonra bu məsələyə baxılacağını istisna etmədi.


Avropa Şurasının eksperti Piter Paksolay isə problemlərin əsasən qanunun tətbiqi zamanı ortaya çıxdığını vurğuladı: «Bizim başlıca narahatlığımız seçki prosesinə nəzarətlə bağlıdır. MSK tərəfindən atılan əks addımların, prokurorluq orqanlarının apardığı istintaqın nə dərəcədə obyektiv, nə dərəcədə qərəzsiz və hərtərəfli olduğunu deyə bilmirik».


Venesiya Komissiyası ötən ilki parlament seçkilərindən sonra Bakıya göndərdiyi tövsiyələrində əsasən seçki qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını, şikayətlərə baxılması qaydalarını dəyişdirməyi, sərbəst toplaşma azadlığı ilə bağlı qaydalara dəyişiklik edilməsini və bir sıra başqa dəyişikliklər haqda tövsiyə vermişdi.


Venesiya Komissiyasının keçirdiyi dəyirmi masanın ikinci hissəsi qapalı keçdiyindən, hansı qərarın qəbul olunduğu məlum deyil.


XS
SM
MD
LG