Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:45

Bolşeviklərin heykəlləri sökülsün-sökülməsin?


26 Bakı komissarlarına ucaldılmış abidə, 11 avqust 2005
26 Bakı komissarlarına ucaldılmış abidə, 11 avqust 2005

Prokofi Caparidze, Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Ayna Sultanova... Sovet İttifaqı dağılsa da, Bakıda bəzi bolşeviklərin heykəlləri qalmaqdadır.


Buna normal yanaşanlar da var, amma bəzi tarixçilərin fikrincə, o adamlar ki, Azərbaycanın dövlət müstəqilliyi əleyhinə çalışıblar, onların heykəlini saxlamaq yersizdir. Bakı Dövlət Universitetinin professoru İsmayıl Musayev: «Belə heykəllərin çoxunu götürmək lazımdır, məsələn, Məşədi Əzizbəyovun, Prokofi Caparidzenin, Ayna Sultanovanın heykəlləri. «26-lar» adlanan toplumun fəaliyyəti tamamilə Azərbaycanın əleyhinə olub. Nərimanovun heykəlinə bir qədər fərqli yanaşmaq mümkündür. Çünki o, həm də ədib, həkim olub, ömrünün sonunda səhvlərini etiraf edib… Amma başqa bolşevik heykəllərinin məsələsini həll etmək olar».


Bakı şəhər Mədəniyyət İdarəsinin rəis müavini Mahmud Əliyev isə deyir ki, dövrün dəyişməsindən, kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, tarixi şəxsiyyətlərin heykəllərini götürmək olmaz. Onun fikrincə, hətta Leninin Bakının «Azadlıq» meydanındakı heykəlini sökmək də səhv addım idi: «Biz istəsək də, istəməsək də, o, tarixdə qalmış şəxsiyyətdir. Düzdür, bəlkə də «bizim müstəqilliyimizi əlimizdən alıb» deyə, onun heykəlini «Azadlıq» meydanından götürmək olardı, amma heykəl mütləq başqa yerdə qoyulmalı idi».


Bakı şəhər Mədəniyyət İdarəsinin rəis müavini deyir ki, Nərimanov, Əzizbəyov və Sovet dövrünün başqa şəxsiyyətlərinə qoyulan heykəllərin götürülməsinə də bu baxımdan heç bir əsas görmür.


Azərbaycan Rəssamlar İttifaqının Heykəltəraşlıq Cəmiyyətinin sədri Xanlar Əhmədov isə deyir ki, Sovet dövründə kommunist rəhbərlərinə heykəl qoyulması sifarişləri görkəmli sənətkarlara tapşırılırdı və həmin heykəllərin çoxu yüksək səviyyəli sənət əsəri olurdu. Onun fikrincə, həmin heykəlləri sənətkarlıq baxımından mühafizə etmək lazım idi. Və bu məsələni vaxtilə çox asanlıqla həll etmək olardı. Götürülməsinə qərar verilən heykəlləri bir yerə yığıb açıq havada muzey düzəltmək mümkün idi: «Məsələn, 11-ci Qızıl Ordunun heykəlinin altında yazmaq olardı ki, «Azərbaycanı işğal etmiş ordu». Leninin, Kirovun, Fialetovun heykəllərini və başqa abidələri ora yığmaq olardı».


Leninə, Kirova, 11-ci Qızıl Orduya qoyulan bürünc abidələr sökülərkən hissələrə bölünüb. Bəzi məlumatlara görə, həmin heykəllər kamin, yəni divar sobası istehsalında istifadə olunub. Yalnız Karl Marksın heykəli indi İncəsənət Muzeyinin həyətində saxlanır. Xanlar Əliyev deyir ki, Sovet heykəllərinin tələm-tələsik sökülməsində bəzi məmurların maddi maraqları da ola bilərdi. Çünki heykəllərin bürünc olmasından başqa onların postamenti də bahalı materialdan – mərmərdən hazırlanırdı. Həmin postamentləri saxlayıb yerində yeni heykəllər də qoymaq olardı.


Elə söhbətləşdiyimiz başqa bir tarixçi, professor Cəmil Həsənli də hesab edir ki, Sovet dövründən qalma heykəllərin problem kimi diqqəti cəlb etməsinin əsas səbəbi yeni – Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı heykəllərin qoyulmamasıdır: «İlk növbədə Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbərlərinə, o cümlədən Məhəmməd Əmin Rəsulzadəyə, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun və başqa şəxsiyyətlərə heykəl qoyulmalıdır».


Məsələnin zamana ehtiyacı var. Adətən ziddiyyətli, birmənalı qəbul edilməyən məsələlər haqqında belə ifadə işlədilir. Sovet İttifaqının dağılmasından 15 il keçir, amma Sovet dövrünün qoyduğu mirasa Azərbaycanda yanaşma hələ də birmənalı deyil. O cümlədən Sovet dövrünün heykəllərinə münasibət. Bəlkə də bu, Azərbaycanın bir quruluşdan digərinə keçidinin nə zaman başa çatacağından asılı olacaq.


XS
SM
MD
LG