Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:22

İranın nüvə problemi Azərbaycanın da siyasi həyatını məşğul edir


İslam partiyasının sədri Hacı Hacağa Nuriyevin sözlərinə görə, əgər Azərbaycan İrana əks olan düşərgədə dayanacaqsa, onlar etiraz aksiyalarına başlayacaqlar

İslam partiyasının sədri Hacı Hacağa Nuriyevin sözlərinə görə, əgər Azərbaycan İrana əks olan düşərgədə dayanacaqsa, onlar etiraz aksiyalarına başlayacaqlar

İrana qarşı sanksiya olub-olmayacağından asılı olmayaraq, bu məsələ artıq Azərbaycana təsir edir, ən azı ictimai fikrə, böyük debatlar doğurmaqla. Millət vəkili Pənah Hüseyn təklif edir ki, Azərbaycanın bu məsələdə mövqeyi parlamentdə müzakirə olunsun. İslamçı partiyalar deyirlər ki, Azərbaycan Amerikanın tərəfini tutsa, nümayişə çıxacaqlar


Qonşu İranın nüvə planları ətrafında yaranan beynəlxalq problemlər Azərbaycanda siyasi gündəmi məşğul edən başlıca mövzular sırasındadır. Kütləvi informasiya vasitələrində aparılan müzakirələrdə istər hakimiyyət mənsubları, istərsə də siyasi partiyalar bu məsələni Azərbaycanın mənafeyi baxımından dəyərləndirməyə çalışırlar. Hətta başda Pənah Hüseyn olmaqla bir neçə müxalifətçi millət vəkili İran böhranı ətrafında yaranan məsələlərin parlamentdə müzakirəyə çıxarılmasına da təşəbbüs göstəriblər. Pənah Hüseyn bildirib ki, məsələ Azərbaycanda hər kəsi narahat etdiyindən, parlament bununla bağlı xüsusi dinləmələr təşkil etməlidir. Millət vəkili hesab edir ki, Azərbaycanın İran əleyhinə koalisiyaya qoşulmasına imkan vermək olmaz. Onun sözlərinə görə, regionda baş verən proseslər Qarabağ münaqişəsində gözlənilməz dəyişikliklərə səbəb ola bilər. Ancaq parlamentin sədri belə bir müzakirəyə ehtiyac görmədiyini deyərək həmin təşəbbüsün qarşısını aldı.


Bununla belə, Azərbaycan İslam partiyası da daxil olmaqla bir neçə partiya və ictimai təşkilat bir araya gələrək, bu məsələlərlə bağlı öz mövqelərini açıqladılar. İslam partiyasının sədri Hacı Hacağa Nuriyev deyir ki, İrana qarşı hər hansı bir kampaniya aparılarsa, Azərbaycanın bu kampaniyada istənilən formada iştirakı yolverilməzdir. Bu mövqeyi həm Azərbaycanın, həm də İranın mənafeyi baxımından izah edən Hacı Hacağa Nuriyevin sözlərinə görə, əgər Azərbaycan İrana əks olan düşərgədə dayanacaqsa, onlar etiraz aksiyalarına başlayacaqlar: "Çünki bu, Azərbaycanın milli və dövlətçilik maraqlarına ziddir. İran bizə qonşu, dost və qardaş ölkədir".


Rəsmilərin dilindən səslənən bəyanatlarda bu cür etirazlara əsas verilməyəcəyi bildirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev də deyir ki, Azərbaycan İran nüvə planları ilə bağlı yarana biləcək problemlərdə neytral mövqe tutmaq niyyətindədir. Bununla belə, o, istisna etmir ki, Azərbaycanın bu məsələdə Amerika Birləşmiş Ştatları ilə birmənalı əməkdaşlığı ölkədə dini ekstremist qrupların fəallaşmasına gətirib çıxara bilər: "Amma inanmıram ki, onların Azərbaycanda sabitliyi pozmaq həddində gücləri olsun. Mitinqlər keçirə, bəyanatlar səsləndirə bilərlər. Amma onların Azərbaycanda yaranan sabitliyi pozmaq imkanları yoxdur. Bir də Azərbaycan elə neytral, elə balanslı, elə düzgün siyasət yeridəcək ki, heç kim buna qarşı çıxmağa ciddi əsaslar tapa bilməyəcək".


Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə deyir ki, son illər Azərbaycanda ictimai rəy təsir imkanlarını bir xeyli itirib. Ona görə də kimlərin hansı mövqedə dayanmasından asılı olmayaraq, bu məsələdə başlıca sözü hakimiyyət deyəcək. İlham İsmayıl qeyd edir ki, İran böhranı ətrafında müzakirələrin aparılması normal prosesdir. Ancaq onun sözlərinə görə, müzakirələr zamanı ya İranı, ya da ABŞ-ı birtərəfli qaydada müdafiə etməyə, əhval-ruhiyyəni gərginləşdirməyə ehtiyac yoxdur. İlham İsmayıl deyir ki, bu məsələdə istər hakimiyyət, istərsə də siyasi qüvvələr ölkənin ümumi maraqlarından çıxış etməlidirlər. Burada həm qonşularla, həm də müttəfiqlərlə münasibətlər nəzərə alınmalı və bütün bunlar Azərbaycanın öz maraqları ilə üst-üstə düşməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG