Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

İlham Əliyev ölkəsinin İrana qarşı hər hansı hərbi əməliyyatlara qatılmayacağını deyir

  • Abbas Cavadi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

"Azərbaycanla İran arasında ərazilərimizdən bir-birimizə qarışı istifadə etməmək barədə ikitərəfli müqavilə var."



Aprelin 26-da Vaşinqtonda Xarici Əlaqələr Şurasında ekspertlərin suallarına cavab verərkən İlham Əliyev deyib ki, Vaşinqtonla Bakı arasında yüksək səviyyədə əlaqələr mövcuddur və Azərbaycan elə ilk günlərdən İraqda Birləşmiş Ştatların müttəfiqidir. Lakin Azərbaycan İrana qarşı hər hansı mümkün hərbi əməliyyatda iştirak etməyəcək: "Azərbaycanla İran arasında ərazilərimizdən bir-birimizə qarışı istifadə etməmək barədə ikitərəfli müqavilə var və bizim münasibətlərimiz beynəlxalq razılaşmalar əsasında tənzimlənir".


Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, İlham Əliyev qeyd edib ki, Azərbaycan etnik ermənilərin ölkədə firavan yaşamasına təminat verməyə hazırdır. "Lakin biz eyni zamanda işğal edilmiş torpaqlarımızın geri qaytarılmasını istəyirik" – deyə İlham Əliyev bildirib.


İlham Əliyev bir daha Ermənistanı sülh prosesini ləngitməkdə təqsirləndirib və qeyd edib ki, artıq Ermənistan rəhbərliyi bu istiqamətdə əməli addım atmalıdır: "Siyasətçilər yalnız özünün siyasi aqibətini, dövlət xadimləri isə xalqın gələcəyini düşünür. Hesab edirəm ki, artıq Ermənistan rəhbərliyi özünü dövlət xadimi kimi aparmalıdır və bunun vaxtıdır. Fikirləşin, əgər münaqişə həll olunmasa 5, 10, 15 ildən sonra nə baş verə bilər. Azərbaycan xalqının səbri tükənməz deyil".


Ölkəsində demokratiyanın vəziyyətiylə bağlı sualla cavabında İlham Əliyev bu sahədə hələ bir sıra görülməli işlər olduğunu, amma ümumilikdə, vəziyyətin yaxşı olduğunu deyib: "Qonşu ölkələrə nəzər salanda, hesab edirəm ki, Azərbaycanda demokratiyanın səviyyəsi heç bir onlardan aşağı deyil. Burada reallıq və qavrama, yanaşma tərzi var. Siz reallığı tam əks etdirməyən informasiyaya qapananda, sizdə bir təəssürat, ölkəyə, onun inkişafına, insanların nə düşündüyünə baxanda isə, başqa bir təəssürat yarana bilər" – deyə prezident vurğulayıb.


Aprelin 26-da İlham Əliyev həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, Nümayəndələr Palatasının sədri Denis Hastert və Konqresin bir sıra üzvləri, ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Con Neqraponteyl ə görüşüb. Sonuncu görüş bağlı qapılar arxasında keçirilib. Günün sonunda isə Azərbaycan prezidenti Birləşmiş Ştatlardakı yəhudi icmalarının nümayəndələri ilə görüşüb. İlham Əliyev bu görüşdə deyib ki, Azərbaycan bütün millətlər üçün bir ailədir və bu, bir çox dünya ölkələrinə nümunə ola bilər.


Prezidentin Birləşmiş Ştatlara səfəri davam edir. Aprelin 27-də onun ABŞ Ticarət Palatasında ABŞ-Azərbaycan iqtisadi forumunda çıxışı gözlənilir.


Aprelin 28-də isə prezident Ağ Evdə amerikalı həmkarı Corc Buşla görüşməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG