Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:16

Dərmanların yarısı qeydiyyatda deyil


Azərbaycanda cəmi 2600 adda dərman qeydiyyatdan keçsə də, ölkədə 5.000 addan çox dərman satılır. Yəni, ölkəyə gətirilən dərmanların 50 faizə qədəri nəzarətdən kənardır. Bunu Milli Məclisin Sosial Siyasət Komissiyasının sədr müavini Musa Quliyev Milli Məclisin aprelin 26- da keçirilən iclasında «Dərman vasitələri haqqında» qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun bildirdiyinə görə, bütün dünyada saxta dərmanların illik dövriyyəsi 30 milyard dollardan çoxdur. Ümumdünya SəhiyyəTəşkilatının hesablamalarına görə, dünyada hər bir adam ildə orta hesabla 20 dollar məbləğində dərman istifadə edir. Bu hesabla, Azərbaycanda ildə 150 milyon dollarlıq dərman satıldığını güman etmək olar. Rəsmi rəqəmlərsə bu məbləğin cəmi 10 faizini təşkil edir.


Musa Quliyev «Dərman vasitələri haqqında» yeni qanun layihəsinin tənzimləyəcəyi sahələri açıqlayıb: «Yeni layihədə tibb vasitələrinin statusu, dərmanların dövlət qeydiyyatının mexanizmi, lisenziyanın 3 istiqamətdə verilməsi müəyyənləşdirilib, markalaşma və qablaşdırmayla bağlı şərtlər göstərilib, insan sağlamlığına vurulan zərərin ödənilməsi məsuliyyəti müəyyən edilib ».


Millət vəkili Pənah Hüseynsə qanun layihəsində bir yeniliyə diqqət çəkib. Belə ki, bu qanun layihəsində diaqnostika, profilaktika, tibb vasitələri də dərman vasitələrinə aid edilib, yəni, adi stomatoloji suyun gətirilməsi üçün də lisenziya tələb olunur. Pənah Hüseyn bunu tibb vasitələrinin ölkəyə idxalının da inhisara alınması cəhdiylə izah edir: «2004-cü ildə ölkəyə 29 milyon dollarlıq dərman, 70 milyon dollarlıq tibb vasitəsi gətirilib. Yəni , tibb vasitələrindən daha çox gəlir əldə etmək mümkündür».


«Dərman vasitələri haqqında» qanun layihəsini Milli Məclisin sosial qanunvericilik şöbəsi, Tibb Universiteti və Səhiyyə Nazirliyinin mütəxəssisləri hazırlayıb .

Milli Məclis sənədi birinci oxunuşda qəbul edib.




XS
SM
MD
LG