Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:59

ÜST və YUNISEF-in nümayəndələri Salyana gedəcəklər


Səs: Real audio
Kristiana Salvi: «Məqsəd «quş qripi» virusunun mənbəyini və hansı yolla keçdiyini müəyyənləşdirməkdir» Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və YUNISEF-in Azərbaycanda olan nümayəndələri martın 19-u və 20-də Salyan rayonuna, «quş qripi»nə yoluxmaqda şübhəli bilinən şəxslərin öldüyü Dayıkəndə yollanacaqlar. Nümayəndə heyətinin sözçüsü Kristiana Salvinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar kənddə virusun mənbəyini aşkar etməyə çalışacaqlar: «Məqsəd «quş qripi» virusunun mənbəyini və hansı yolla keçdiyini müəyyənləşdirməkdir. Digər tərəfdən, kənd sakinləriylə görüşüb xəstəlikdən qorunmaq haqda tövsiyələr verəcəyik».



Kristiana Salvi deyir ki, onlarda olan məlumata görə, Azərbaycanda çöl quşları arasında və bəzi broylerlərdə H5N1 virusu aşkarlanıb: «Ehtimal var ki, həmin quşlarla ünsiyyətdə olan insanlara da xəstəlik keçsin. Artıq ölüm hadisələri də var, Bakıdakı ilkin müayinələr zamanı isə insanda H5 virusu olduğu müəyyən edilib. İndi mütəxəssislər London laboratoriyasının cavabını, virusun həqiqətən də insan üçün təhlükəli olan H5N1 olub-olmadığı haqda rəyi gözləyirlər. Hazırlıqlı olmalı və vəziyyətə nəzarət etmək lazımdır».



Martın 13-də ÜST-ün Azərbaycanda quraşdırdığı laboratoriya üç nəfərin «quş qripi» virusuna yoluxması haqda məlumatı təsdiqləyib. Amma Səhiyyə Nazirliyi bildirir ki, ÜST-ün qaydalarına görə, qan nümunələri qurumun Londondakı laboratoriyasında təkrar müayinədən keçirilməlidir, yalnız bundan sonra nəticələr etibarlı sayıla bilər.



Səhiyyə Nazirliyinin martın 18-də yaydığı məlumatda isə, «quş qripi»nə yoluxmaqda şübhəli bilinən şəxslərin vəziyyətinin stabil olduğu, yeni ocaqların aşkarlanmadığı bildirilir.



Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov isə martın 16-da Bakıdakı xəstəxanaya yerləşdirilən ana-bala Ruhəngiz və Gülgəz Rüstəmovaların artıq evə buraxıldığını deyir. Onun sözlərinə görə, xəstəliyin ilk günündə həkimə müraciət etdikləri üçün ana-balanın səhhəti kafidir, amma onların «quş qripi»nə yoluxub-yoluxmadığı hələ məlum deyil.



Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəbbət Paşayeva isə, martın 10-da Bəyimsarov kənd sakini Xəyalə Musayevanın ölümündən sonra bütün kəndlərdə ev-ev sorğu-müayinə keçirdiklərini, dezinfeksiya işləri aparıldığını və indiyə kimi bu xəstəliyə yoluxmuş şəxsin aşkarlanmadığını bildirir.
XS
SM
MD
LG