Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:09

Dünya azərbaycanlıları bir sıra müraciət və qətnamə qəbul edib


Səs: Real audio
İlham Əliyev diaspora üzvlərini yaşadıqları ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamağa, siyasi partiyalarda iştirak etməyə, qanunvericilik orqanlarında təmsil olunmağa çağırıb Martın 16-da Dünya Azərbaycanlılarının ikinci qurultayında Azərbaycan və Türkiyə diasporasını əməkdaşlığa, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə səyləri birləşdirməyə çağıran müraciət qəbul olunub. Bundan başqa, qurultay iştirakçılarının adından siyasətini dəstəklədikləri prezident İlham Əliyevə, beynəlxalq qurumlara, ölkə başçılarına müraciət ünvanlanıb və qətnamə qəbul olunub.



Beş ildən bir qurultayın keçirilməsi və görülən işlərlə bağlı ildə bir dəfədən az olmayaraq hesabat verilməsi qərara alınıb. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yenidən seçilib, Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov təzədən qurumun sədri olub.



Qurultayda çıxış edən ölkə başçısı İlham Əliyevsə, diaspora üzvlərini yaşadıqları ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamağa, siyasi partiyalarda iştirak etməyə, qanunvericilik orqanlarında təmsil olunmağa çağırıb. Belə bir addımın Azərbaycanın mövqeyini möhkəmlədəcəyini bildirən prezident deyib ki, Azərbaycanın gücü dünya azərbaycanlılarının fəaliyyətində, diasporanın gücü də Azərbaycan dövlətinin əzəmətindədir. «Azərbaycan nə qədər güclü olsa, siz də o qədər güclü olacaqsınız» - deyən cənab Əlyiev, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara da toxunub.



50-yə yaxın ölkədən 600-dən artıq nümayəndənin, 400-ə yaxın qonağın və Azərbaycandan 650 nəfərin, o cümlədən ölkə rəsmilərinin iştirak etdiyi qurultayda çıxış edənlərin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsinin dünyadakı bütün azərbaycanlıların problemi olduğunu, bu yöndə səyləri birləşdirməyin vacibliyini vurğulayıblar. Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti də bu haqda danışıb. Natiqlər eyni zamanda İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiə olunması, bu ölkədə yaşayan azərbaycanlı gənclərin Azərbaycanda güzəştli şərtlərlə təhsil almasına şərait yaradılması, ana dilinin qorunması, xaricdəki qurumlara kömək göstərilməsi ilə bağlı prezidentə müraciətlər də ünvanlayıblar.



Dünya Azərbaycanlılarının qurultayına dəvət olunanlardan tədbirin keçirildiyi binaya buraxılmayanlar da olub. Onlardan biri - Rusiyanın Tatarıstan Respublikasından gəlmiş, «Birlik» Cəmiyyətinin sədri Mirsahib Məcidov Azərbaycan dövlətinin xaricdə fəaliyyət göstərən qurumlara yardım göstərəcəyinə ümid etdiklərini deyib.



Dünya Azərbaycanlıları Konqresinin katibi Teymur Eminbəyli isə, tədbirin formal xarakter daşıdığını, bura əsasən hakimiyyətin siyasətini dəstəkləyən diaspora üzvlərinin dəvət olunduğunu, alternativ mövqe nümayiş etdirənlərinsə kənarda qaldıqlarını deyir.



Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci ilin noyabrında keçirilib. Birinci qurultayda qəbul olunmuş qətnamədə Azərbaycanın ərazi bütövlüyünün qorunması, ölkədə demokratik hüquqi dövlət quruculuğu bütün azərbaycanlıların vəzifəsi elan olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG