Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:43

Ehtimallar doğru çıxdı...


Səs: Real audio
Qadağa «quş qripi» ilə bağlı vəziyyət düzələnə qədər qüvvədə olacaq Azərbaycanda adamlarda da "quş qripi" tapıldı. "Quş qripi" ilə mübarizə üzrə Dövlət Komissiyası hələ xeyli əvvəl fövqəladə tədbirlər təkliflərini hazırlayıb, prezidentə təhvil verməli idi. Nə oldu o tədbirlər? İndi insanda da "quş qripi" tapılandan sonra Dövlət Komissiyası, Səhiyyə Nazirliyi, Baytarlıq İdarəsi hansı işləri görürlər?



Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirliyin mütəxəssisləri elə ilk gündən Salyanda tədbirlər görürlər. İnsanlarda "quş qripi" virusunun aşkarlanmasından sonra həmin tədbirlər daha da gücləndirilib.



Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, nazirlik elə ilk gündən insanlarda "quş qripi" virusunun olmasını inkar etməyib. Elə bununçün də dünyasını dəyişən insanlarda H5N1 virusu tapılmazdan əvvəl və sonra görülən tədbirlər arasında elə fərq yoxdur. Səmayə Məmmədovanın sözlərinə görə, Salyan rayonunun Dayıkənd kəndində dezinfeksiya işləri insanlar vəfat etməzdən əvvəl başlayıb və bu gün də davam etdirilir.



Salyan rayon Baytarlıq İdarəsi və Mərkəzi Xəstəxanadan "Azadlıq" radiosuna verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının [ÜST] nümayəndələri hazırda Dayıkənddədirlər. Martın 14-ü səhər ÜST ekspertləri "quş qripi"ndən ölənlərin ailəsində olub, onların təmasda olduğu adamlarla söhbətlər aparıb, virusa necə yoluxmalarını araşdırıblar. Xarici mütəxəssislərlə birgə işlədiklərini bildirən Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov araşdırmaların bir qədər çətin getdiyini deyir: ""Quş qripi" təsdiq olunubsa, təbii ki, bunun mənbəyi quşlardır. Amma xəstələrin adamları ümumiyyətlə, quşlarla təması bilərəkdənmi, bilməyərəkdənmi inkar edirlər".



İbrahim Cəfərov deyir ki, kəndin giriş-çıxış yollarında dezinfeksiya postları qurulub. Bundan başqa, martın 15-dən başlayaraq "quş qripi" oldu-olmadı rayonun Dayıkənd və Sarvan kəndlərində bütün evlərin, həyətlərin yenidən dezinfeksiyasına başlanacaq. Baş həkimin sözlərinə görə, bütün bu işləri görmək üçün martın 14-də Salyana Səhiyyə Nazirliyindən dərman preparatları, xüsusi geyimlər və dezinfeksiya aparatları göndərilib.



Ev quşlarının kütləvi məhvi ilə bağlı məlumatlara gəldikdə, Salyan rayon Baytarlıq İdarəsinin rəhbəri Məhəmməd Həsənov deyilənləri təkzib etdi. Dedi ki, hələlik onlara belə bir göstəriş verilməyib.



Rəsmi qurumlar ciddi işlərin görüldüyünü desələr də, yerli sakinlər bununla o qədər də razılaşmırlar. Salyan rayon sakini Emil Məmmədov: "Əhali təşviş içində olduğu halda hökumətin bu iki kəndə, ümumiyyətlə Salyana münasibəti anlaşılmır. Bir dəfə də olsun dövlət komissiyasının nümayəndələri Salyanda olmayıblar".



"Quş qripi" ilə mübarizə üzrə dövlət komissiyasının hansı addımlar atacağına gəlincə, Nazirlər Kabineti mətbuat xidmətinin əməkdaşı bu barədə hər hansı məlumata malik olmadığını bildirdi.



İnfeksionist həkim Mehdi Mehdiyevə görə, "quş qripi" ilə təkcə Səhiyyə Nazirliyi və baytarlıq idarələri yox, hamı mübarizə aparmalıdır. Onun sözlərinə görə, iş təkcə dezinfeksiya işləri ilə bitməməli, "quş qripi"nin aşkarlandığı yaşayış məntəqəsində bütün insanlar müayinə olunmalı, şübhəli şəxslər xəstəxanalara köçürülməlidir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi də çöl quşların ovlanıb məhv edilməsini hələ davam etdirməkdədir. Bu günə qədər 15 minə yaxın quş ovlandığını bildirən nazir Hüseyn Bağırov deyir ki, hazırda köç başladığından, çöl quşları arasında ölüm halları azalıb.
XS
SM
MD
LG