Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:58

«Quş qripi»nə yoluxmaqda şübhəli bilinənlərin analizləri martın 15-də Londona göndəriləcək


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov isə, H5N1 virusunun yalnız köçəri quşlarda deyil, həm də Azərbaycanda yaşayan yerli quşlarda müşahidə olunmasını təhlükəli sayır Səhiyyə Nazirliyinin məlumatına görə, «quş qripi»nə yoluxmaqda şübhəli bilinən şəxslərin qan analizləri martın 15-də Londona çatdırılacaq. Nazirlikdən bildirilir ki, Ümumdünya Səhiyyə Tşəkilatının qaydalarına görə, virusa yoluxmaqda şübhəli bilinən şəxslərin analizlərinin ilkin nəticələri qurumun Londondakı laboratoriyasında təkrar müayinədən sonra təsdiq olunmuş sayılır. Bunu Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Səmayə Məmmədova deyir. Onun sözlərinə görə, yalnız bundan sonra ilkin laborator tədqiqat zamanı «quş qripi» diaqnozunun təsdiqləndiyi üç nəfərin kimliyi, onların hazırda xəstə olmaları və ya dünyasını dəyişməsi, hansı bölgədən olması haqda məlumat veriləcək.



Martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri Azərbaycanda quraşdırdıqları PSR laboratoriyasındakı müayinə zamanı üç nəfərin «quş qripi»nə yoluxduğunu bildiriblər. H5N1 virusuna yoluxmaqda şübhəli bilinən altı nəfər Saylan rayon sakinində isə diaqnoz təsdiqlənməyib.



Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov isə, H5N1 virusunun yalnız köçəri quşlarda deyil, həm də Azərbaycanda yaşayan yerli quşlarda müşahidə olunmasını təhlükəli sayır və hesab edir ki, görüləcək tədbirlər sırasında buna diqqət çəkmək vacibdir. Bundan başqa, Afrikada da «quş qripi» aşkarlandığından yayda və ya payızda Azərbaycana gələcək quşlar da əlavə təhlükə mənbəyi ola bilər.



Nazirin sözlərinə görə, «quş qripi»nin episentri Xəzər sahilləridir. Bu ərazi Abşeron yarımadasından, Xızıdan başlayıb Xaçmaz-Dəvəçi rayonuna qədər uzanır. «Quş qripi»nin nisbətən az yayıldığı ərazi isə, ölkənin cənub bölgəsidir. Nazirin sözlərinə görə, qərb regionunda isə virus demək olar ki, yoxdur.



Hüseynqulu Bağırov indiyə kimi 15 min quşun yandırılaraq zərərsizləşdirildiyini bildirib. Onun sözlərinə görə, əvvəllər 24 saat ərzində «quş qripi»nə yoluxmuş min quş ölürdüsə, indi sutkada 50-70 quş tələf olur. Ceyranbatan su hövzəsi ərazisində isə quşların ölümü müşahidə olunmur.



Azərbaycanda «quş qripi» virusunun olması bu il fevralın 9-da London laboratoriyasındakı müayinə zamanı bəlli oldu. Martın 13-də isə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri insanda «quş qripi» virusunun aşkarlandığını bəyan ediblər. H5N1 virusunun yayılmaması və onunla mübarizə aparmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG