Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:20

Yaponiya Azərbaycana sərmayə yatırmağa tələsmir


Səs: Real audio
10-a yaxın qəzet və agentliyinin təmsil olunduğu Redaktorlar Birliyi «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynliyə xəsarət yetirilməsinə etiraz olaraq kütləvi aksiyalara başlamaq niyyətindədir Elektronika ölkəsi Azərbaycanda hələlik sərmayəni əsasən neft yataqlarına qoyur



Azərbaycan üçün Yaponiya gülərüzlü, xörəyi taxta çubuqlarla yeyən insanların yaşadığı, dünyada texnologiyanın sürətlə inkişaf etdiyi, bir də ötən əsrin 45-ci ilində atom bombasının iki şəhərini yerlə yeksan etdiyi ölkə kimi yadda qalıb. Bakıda söhbətə tutduğum adamların dediklərindən bu qənaətə gəldim.



Amma Yaponiya vətəndaşı üçün Azərbaycan nəylə xarakterizə olunur, bunu deyə bilməyəcəm. Bircə bu məlumdur ki, "gündoğan" ölkənin iş adamları Azərbaycanda hələlik sərmayəni əsasən neft yataqlarına qoyurlar. Qeyri-neft sektoruna sərmayə qoyuluşundan danışmaq isə hələlik tezdir.



Yaponiyada təhsil almış və orda işləmiş Şəhriyar Cəfərova görə, iş adamı istənilən ölkəyə sərmayə yatırmazdan öncə ordakı reallıqları öyrənir, qanunvericilik, hüquqi və digər riskləri hesablayır. Həmin risklər isə Azərbaycanda, xüsusən neftdən kənar sahələrdə həddindən artıq çox olduğundan, Yaponiya iş adamları bura gəlməyə risk etmirlər.



Yaponiya Azərbaycanda neft sahəsinə təxminən bir milyard dollara yaxın – 844 milyon dollar sərmayə qoyub. Bundan başqa, Yaponiya Azərbaycana indiyədək 74 milyon dollar qrant ayırıb, son 9 ildə 300 milyon dollara yaxın yardım göstərib. İki ölkə arasındakı ticarət dövriyyəsi ötən il təxminən 70 milyon dollar olub.



Ekspertlərin qənaətincə, iki ölkənin ticarət əlaqələri yüksək səviyyədə olmasa da, son illər artmaqdadır. Azərbaycan bu gün Yaponiyadan daha çox müxtəlif kənd təsərrüfatı və elektronika avadanlıqları almağa çalışır.



Amma mütəxəssislər hesab edirlər ki, Azərbaycan həmin məhsulların yalnız alıcısı yox, həm də istehsalçısı ola bilər. Yaponiya qurumları ilə bir sıra layihələr gerçəkləşdirmiş İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev: "Niyə də yapon maşınları Azərbaycanda istehsal olunmasın? Azərbaycan qonşu ölkələrlə ixrac imkanlarını yaxşılaşdırmaqla yapon maşınlarının burada istehsalı üçün əlverişli şəraiti təmin edə bilər. Eyni zamanda elektrotexnika və digər avadanlıqların istehsalı üçün əlverişli şəraitin təmin olunması Azərbaycanın ixrac potensialının artmasını şərtləndirə bilər".



İki ölkə arasında əlaqələr tədricən də olsa qurulmaqdadır. Və bu gün Yaponiya Azərbaycana sərmayə yatırmağa tələsməsə də, məktəblərin təmirinə, tikintisinə, azərbaycanlı tələbələrin Yaponiyada oxudulmasına yardım göstərməyə çalışır.



Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı İqrar Əliyev iki ölkə arasındakı iqtisadi əlaqələrdən çox, insan mübadiləsi proqramının uğurlarından danışdı. Onun dediyinə görə, hər il Azərbaycandan Yaponiyaya oxumaq üçün tələbələr göndərilir.



Yaponiya Azərbaycan əlaqələrindən danışanda, mütəxəssislər bir məqama da diqqət çəkirlər. Onların qənaətincə, son illər Çin kimi, Yaponiya da Asiya ölkələrinin inteqrasiyasına çalışır.



İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyevə görə, Yaponiya Azərbaycanı da bu inteqrasiya zəncirinin bir həlqəsi kimi görmək istəyir. Və bu məqsədlə Azərbaycanda həm hökumət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra layihələr gerçəkləşdirir.



Yaponların da Şərq mentalitetli insanlar olduğunu deyən Şəhriyar Cəfərovsa sual edir: niyə də Azərbaycanla Yaponiya yaxınlaşmasın?
XS
SM
MD
LG