Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:44

Daha 4 nəfər «quş qripi» şübhəsi ilə xəstəxanaya çatdırılıb


Səs: Real audio
Millət vəkilləri "quş qripi" ilə mübarizə tədbirlərini müzakirə ediblər "Quş qripi" virusuna yoluxmaqda şübhəli bilinən daha 4 nəfər belə xəstələr üçün nəzərdə tutulmuş 7 saylı xəstəxanaya yerləşdirilib.



Salyan və Kürdəmir rayonlarından olan xəstələrə kataral angina və kəskin respirator infeksiya diaqnozu qoyulub. Həmin xəstələrin vəziyyəti ortadır. Hazırda bu xəstəxanada 5 nəfər yatır. Xəstəxananın baş həkimi Məhəbbət İbrahimova deyir ki, hazırda heç bir xəstənin "quş qripi" virusuna yoluxma şübhəsi yoxdur.



Martın 3-də dünyasını dəyişmiş Salyan rayon Dayıkənd sakini Nabat Əsgərovanın kəskin pnevmoniyadan öldüyü bildirilir. İki gün əvvəl isə həmin kənddə 8 nəfər hərarətli xəstə müəyyən edilib, onlardan 7-si Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna, biri isə Bakı şəhər 7 saylı İnfeksion Xəstəliklər Klinikasına yerləşdirilib.



"Quş qripi" virusu olub-olmadığını yoxlamaq üçün 8 xəstədən götürülmüş nümunələr müayinə üçün Londona göndəriləcək. Səhiyyə Nazirliyi mətbuat xidmətindən Səmayə Məmmədova belə deyir.



Azərbaycan səhiyyə rəsmiləri hələlik xəstələr arasında "quş qripi" virusuna yoluxmanı istisna etsə də, xüsusilə kəskin respirator diaqnozlu xəstələrin sayının artması cəmiyyətdə narahatlığı artırır.



Martın 7-də millət vəkilləri də parlamentdə "quş qripi" ilə mübarizə tədbirlərini müzakirə ediblər. Millət vəkili Asim Mollazadənin fikrincə, London laboratoriyasında analizlər üçün böyük növbəni nəzərə alsaq, Azərbaycanda insanların "quş qripi"nə yoluxmasını təkzib edən xəbərlər şübhə doğurur.



Başqa bir millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovsa təklif edib ki, immun sistemi zəif olan uşaqları qorumaq üçün uşaqlar dərs vaxtı qoruyucu maskalardan istifadə etsin. Bu təklif "quş qripi" ilə mübarizə məqsədilə yaradılmış dövlət komissiyasına və Səhiyyə Nazirliyinə göndərilib.
XS
SM
MD
LG