Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:46

Dayıkənd sakinləri qorxu içindədirlər


Səs: Real audio
Onlar kənddə «quş qripi»nin olduğunu ehtimal edirlər Salyan rayonundakı Dayıkənd kənd sakini İntiqam Cəbrayılov həmkəndlilərinin qorxu içində olduğunu deyir. Onun sözlərinə görə, martın 4-də bir ailədə iki qız uşağının vəfat etməsi, 6 nəfərin isə Bakıda Ağ Ciyər Xəstəlikləri İnstitutuna yerləşdirilməsi hamını qorxuya salıb. Əhali buna «quş qripi» xəstəliyinin səbəb olduğunu deyir. Camaat hazırda kənddə aparılan profilaktik tədbirlərin də yetərincə olmadığını deyir.



Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə bildirir ki, nazirliyə daxil olan məlumata görə, Dayıkənd sakinləri – Zərifə və Nabat Əsgərovalardan biri xərçəng, digəri isə pnevmoniya xəstəliyindən vəfat edib. Hazırda ailənin Ağ Ciyər Xəstəlikləri İnstitutuna yerləşdirilən digər üzvlərinin vəziyyətləri normaldır. Onların xəstəliklərinin səbəbi isə araşdırılır.



Respublika Baytarlıq Xidmətinin rəisi, "quş qripi"nə qarşı dövlət komissiyasının üzvü İsmayıl Həsənovun sözlərinə görə isə, Dayıkənd kəndində ev quşları arasında "quş qripi" xəstəliyi qeydə alınmayıb. Ölkənin hər hansı bir yerində bu xəstəlik müəyyən edilən kimi dərhal əhaliyə məlumat verilir.



Şirvan Dövlət qoruğunun keçmiş müdiri, bioloq Elmar Hacıyev isə hesab edir ki, Salyan, Neftçala və Biləsuvar ərazisində "quş qripi" xəstəliyinin yayılma ehtimalı daha böyükdür. Çünki respublikanın ən böyük qoruqlarından ikisi – Şirvan Milli Parkı və Qızılağac Dövlət Qoruğu məhz burada yerləşir. Bundan başqa, «Mahmudçala yasaqlığı» adlanan ovçuluq təsərrüfatı da həmin ərazidə yerləşir.



Elmar Hacıyevin sözlərinə görə, bu məntəqələr köçəri quşların miqrasiya yolunun üstündə olduğu üçün Sibirə və Skandinaviya yarımadasına gedən quşların hamısı buradan keçir. Həmin quşlar gedəndə və qayıdanda məhz bu qoruqlarda dincəlirlər.
XS
SM
MD
LG