Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:08

Dövlət Departamenti: «Azərbaycanın narkotranzit ərazi kimi rolu artıb»


Səs: Real audio
Qurumun hesabatına görə, Azərbaycanda ən geniş istifadə olunan narkotik maddələr tiryək, heroin, ekstaz, həşiş, kokain və LSD-dir «Azərbaycan Əfqanıstan və Mərkəzi Asiyadan Qərbi Avropaya, həmçinin İrandan Rusiyaya və Qərbi Avropaya narkotik maddələrin nəql olunduğu marşrut boyunca yerləşir. Yerli istehsalat böyük deyil, ancaq tələbatın həcmi artmaqdadır».



Bu barədə ABŞ Dövlət Departamentinin «2006-cı ildə narkotiklərə beynəlxalq nəzarət strategiyası» adlı illik hesabatında bildirilir.



«Turan» İnformasiya Agentliyinin yaydıgı sənəddə deyilir ki, bir neçə il öncə «Balkan marşrutu» bağlandıqdan sonra Azərbaycanın tranzit ərazi kimi rolu artıb. Azərbaycan hökumətinin məlumatına görə, ölkədən daşınan narkotiklərin əsas hissəsi Əfqanıstanda istehsal olunandır. Onların əsas daşınma marşrutu belədir: Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan- İran-Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri-Ermənistan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan-İran-Azərbaycan-Rusiya; Əfqanıstan-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qərbi Avropa.



Hesabatda deyilir ki, Azərbaycanın İranla 611 km. sərhəddi var. Lakin ölkənin sərhəd qüvvələri sərhədlərin səmərəli qorunması üçün kifayət qədər hazırlıqlı deyil və təchiz olunmayıb. İrandan və başqa yerlərdən narkotika daşıyanlar bu vəziyyətdən istifadə edir.



Hesabata görə, Azərbaycanda ən geniş istifadə olunan narkotik maddələr tiryək, heroin, ekstaz, həşiş, kokain və LSD-dir. Narkotiklərə daxili tələbat artmaqda davam edir və rəsmi hakimiyyət narkomanların sayının 18 min nəfər olduğunu bildirir. Qeyri-rəsmi rəqəmlər isə, 200-300 mindir. Narkomanların 75 faizi heroindən istifadə edir. Onların 30-35 faizi tələbələrdir. Heroindən ən çox Lənkəranda (64,6%) istifadə olunur.



Sənəddə bildirilir ki, ötən il hakimiyyət GUAM birliyi çərçivəsində narkotiklərlə mübarizəyə dair fəaliyyət koordinasiyasını gücləndirib. Bu məqsədlə GUAM ölkələri hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsi üzrə virtual informasiya mərkəzi yaradılıb.



2005-ci ildə Daxili İşlər Nazirliyi (DİN) narkotiklərlə bağlı 1660 qanun pozuntusu qeydə alıb. İlk 7 ayda hakimiyyət 205,2 kq. narkotik maddə aşkar edib. Onların arasında 12 kq. heroin, 716 qram xaş-xaş, 19 kq. həşiş, 139 kq. marixuana, 10 ampula və 11,073 tabletka psixotrop preparat olub.



Birinci yarımildə Dövlət Gömrük Komitəsi (DGK) narkotiklərlə bağlı 33 qanun pozuntusu aşkar edib. 15,7 kq. narkotik maddə müsadirə olunub. Onların arasında 4,8 kq. marixuana, 5 kq. həşiş, 284 qram heroin və 110 ampula və tabletka psixotrop maddə olub.



Hesabatda deyilir ki, Azərbaycanın cənub bölgələrində çətənə və xaş-xaş becərilir. 2005-ci ildə DİN ölkənin müxtəlif bölgələrində reydlər keçirərək 100 kq. narkotik bitki müsadirə edib.



Ölkə polisi kifayət qədər avadanlığa malik deyil və müasir əks-terror işləri sahəsində təcrübəsi azdır. İranla sərhəddə nəzarət narkotiklərin daşınmasının qarşısını almaq yçün yetərli deyil.



Sənəddə deyilir ki, Azərbaycanda narkotiklərlə mübarizə işində ciddi problemlərdən biri də korrupsiyadır. Prokurorluqda korrupsiya ilə mübarizə strukturlarının imkanları məhduddur. Azərbaycan korrupsiya, mütəşəkkil cinayətkarlıq və narkotiklərlə mübarizəyə dair beynəlxalq konvensiya və sazişlərə qoşulub.



2005-ci ildə ABŞ Azərbaycanın sərhəd qüvvələrinə, DGK-yə məsləhət və maddi yardım göstərib. Məqsəd narkotiklərin qanunsuz dövriyyəsinə və kütləvi qırğın silahlarına nəzarətin yaxşılaşdırılmasıdır. Gələcəkdə ABŞ belə yardımı davam etdirmək niyyətindədir.
XS
SM
MD
LG