Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:41

QHT-lər «quş qripi» ilə mübarizədə kömək təklif edirlər


Səs: Real audio
Təyyarənin bəzi cihazları Moskvaya – Beynəlxalq Aviasiya Komitəsinə tədqiqata göndərilib «Quş qripi» Giləzidə – Sitalçayda fabrikdə yarım milyondan çox toyuq qırandan sonra Bakıda nazirliklərin nümayəndələri, quş fabriki rəhbərləri, alimlərin iştirakı ilə dəyirmi masa keçirilib



Qeyri-Hökumət Təşkilatlarının martın 1-də «Quş qripi»: şayiələr və reallıqlar» mövzusunda keçirdikləri dəyirmi masada ictimai təşkilatların nümayəndələri bildirdilər ki, onlar "quş qripi" ilə mübarizə məqsədilə yaradılmış dövlət komissiyasının işində iştirak etmək istəyirlər. Baş nazirin 1-ci müavini Abbas Abbasovun rəhbərlik etdiyi bu komissiya əsasən nazirlərdən ibarətdir.



Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondunun eksperti İradə Yaqubova deyir ki, mediada "quş qripi" ilə bağlı verilən xəbərlər bəzən bir-birini təkzib edir, əhali arasında maarifləndirmə işi yetərincə aparılmır. Ekspertin sözündən belə çıxır ki, Azərbaycanı qarışbaqarış gəzib, insanları yerlərdə maarifləndirməsən, H5N1 virusu ilə mübarizə aparmaq çətin olacaq. Hazırda bu iş zəif aparılır.



Bu fikri Gəncədən gəlmiş mütəxəssis də təsdiqləyir. Gəncə Elm Mərkəzindən İrşad Abdullayev deyir ki, şəhərdə çox az adam ölü quşlarla necə rəftar etməyi bilir. Gəncənin məşhur «Xan bağı»nda xeyli qarğa qırılıb, amma hələ ki, bu qarğalardan qan nümunələri götürülüb analiz edilməyib.



Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov deyir ki, komissiyanın adının əvvəlindəki «dövlət» sözü reallığı əks etdirmir: «Hökumət komissiyası ola bilər, amma əgər orada QHT-lər iştirak etmirsə, o, dövlət komissiyası ola bilməz».



QHT-lər deyirlər ki, onlar dövlət komissiyasının işində təmənnasız iştirak edə bilərlər, onlara qrant ayırmaq lazım deyil. Ən azından əhali arasında maarifləndirmə işini apara bilərlər, yetər ki, komissiyadan lazımi informasiyanı vaxtında əldə edə bilsinlər.



"Quş qripi"nə qarşı dövlət komissiyasından informasiya almağın çətin olduğunu təkcə QHT-lər demirlər. «Azad Azərbaycan» TV-nin müxbiri Elnur Niftəliyev: "Mən komissiyadan alınacaq informasiyanı gözləmirəm. Həmişə özüm araşdırmağa üstünlük verirəm, çünki verilən məlumatlar çox vaxt ya "ütülü" olur, ya da yığcam".



"Yeni Müsavat" qəzetinin əməkdaşı Sevinc Telmanqızı: "İnformasiya siyasətini Nazirlər Kabinetinin mətbuat xidməti həyata keçirəndən sonra informasiya almaq demək olar ki, mümkün deyil".



Komissiyanın ünvanına səsləndirilən bu iradlara cavab tapmaq üçün dəfələrlə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlamağa çalışsam da, faydası olmadı. Mətbuat xidmətinin özünü təqdim etməyən əməkdaşı isə dedi ki, əllərində nə məlumat olursa, onu rəsmi xəbər agentliyi – «Azərtac»a verirlər, bütün KİV orqanları və QHT-lər xəbərləri oradan götürə bilərlər.



QHT-lər isə məlumatların açıq olmasını istəyirlər, dövlət komissiyasına "quş qripi" ilə mübarizədə kömək etmək istəyirlər. Bununla bağlı iki təşkilat – Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Azərbaycanda Ekologiya Standartlarının Monitorinqi Fondu birgə bəyannamə imzaladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG