Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:53

Elmar Hüseynovun qətli ilə bağlı Baş prokurora sorğu göndərilib


Səs: Real audio
Rüşaniyyə Hüseynova: «Deyirlər ki, bu qətl hakim rejimə heç sərf etmir. Xarici arqument gətirirlər. Formal olaraq məntiqi səslənsə də, inandırıcı deyil» Martın 1-də Milli Məclisdə təmsil olunan müxalifətdən olan bəzi deputatlar Elmar Hüseynovun qətlinin açılmamasıyla bağlı Baş prokuror Zakir Qaralova sorğu göndərib. Sorğunu parlamentdə təmsil olunan Müsavat Partiyası təmsilçiləri adından Xalq Partiyasının üzvü Pənah Hüseyn imzalayıb. Milli Məclisdə bununla bağlı qalmaqal da yaranıb, cənab Hüseynin sorğunu millət vəkillərinə təqdim etməsinə imkan verilməyib.



Martın 1-də həmçinin «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin birinci ildönümünə həsr olunmuş forum keçirilib. Forumda mərhumun yaxınları, hüquq müdafiəçiləri, xarici səfirlik nümayəndələri və jurnalistlər iştirak ediblər. İştirakçılar qətldən bir il keçməsinə baxmayaraq istintaqın gedişi barədə ictimaiyyətə məlumat verilməməsini pisləyiblər. Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova deyir ki, istintaqın getməsi əslində hakimiyyətə lazım deyil: «Bu, söz və mətbuat azadlığına, şəxsiyyətlər və xalqa qarşı terror idi. Deyirlər ki, bu qətl hakim rejimə heç sərf etmir. Xarici arqument gətirirlər. Formal olaraq məntiqi səslənsə də, inandırıcı deyil. Hazırkı reallıqda bu arqument saxta və qabaqcadan düşünülmüş alibiyə bənzəyir».



Elmar Hüseynov 2005-ci il martın 2-də evinin girəcəyində öldürülüb. Qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov beynəlxalq axtarışdadır. Milli Təhlükəsizlik Nazirliyi istintaqın irəliləməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirir.



Fevralın 28-də Beynəlxalq Söz Azadlığı Təşkilatı bəyanatla çıxış edib. Sənəddə deyilir ki, Elmar Hüseynov hökumət rəsmilərini, ö cümlədən prezident İlham Əliyevi tənqid etdiyinə görə qətlə yetirilib. Təşkilat dövlət başçısını və hökuməti cinayətin açılması üçün lazımi işləri görməyə çağırır.



Martın 2-də Elmar Hüseynovun məzarı ziyarət olunacaq, vaxtilə yaşadığı evin qarşısında gülqoyma mərasimi keçiriləcək.
XS
SM
MD
LG