Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:29

10 min nəfər işsiz qala bilər


Səs: Real audio
Rusiya prezidenti azərbaycanlı həmkarına bununla bağlı söz verdiyini deyir Bu il Bakı-Tbilisi-Ceyhan kəmərinin tikilib başa çatması ilə təxminən 10 min azərbaycanlı da işini başa vuracaq



Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, indi neft layihələrində çalışanların sayı 9-10 minə çatır. Komitənin proqnozlarına görə, artıq 2007-ci ilin 1-ci rübündə 8-9 minə yaxın insan işsiz qalacaq.



"BP-Azərbaycan" şirkətinin sözçüsü Tamam Bayatlı isə deyir ki, söhbət heç də bəzi media qurumlarında deyildiyi kimi, ixtisardan getmir. Sadəcə, BP-nin podratçıları tikinti işlərini görmək üçün müqavilə ilə işçilər götürüblər, iş görülüb qurtarırsa, müqavilə də başa çatır və işçi azad olur.



Neftçilərin Hüquqlarını Müdafiə Komitəsindən Mirvari Qəhrəmanlıya görə, özəl şirkətlər və dövlət nəsə etməlidir ki, 10 min adam işsiz qalmasın.



"Turan" İnformasiya Agentliyinin eksperti İlham Şaban isə hesab edir ki, əslində burada heç bir problem yoxdur. Sadəcə bəzi insanlar məsələyə sosialist təfəkkürüylə yanaşdığından, zaman-zaman işə götürən şirkətləri əsassız ittiham edirlər: "Dünyanın heç bir yerində, bazar iqtisadiyyatı olan ölkədə "daimi iş yeri" anlayışı yoxdur. Bu, ancaq dövlət işində var. Hər bir şey layihə üzrə görülür. Layihə bitdisə, iş də qurtarır".



İlham Şabanın sözlərinə görə, sadəcə, normal bazar iqtisadiyyatı olan ölkələrdə sosial təminat sistemi fərqli qurulduğundan, müqaviləsi bitən işçilər yeni iş yeri tapana qədər dolanışıqda çətinlik çəkmirlər.



"BP-Azərbaycan" şirkətinin sözçüsü Tamam Bayatlı bildirir ki, onların şirkətində, ya da podratçı şirkətlərdə çalışan adamlar əmək haqqı ilə bərabər təcrübə də qazanırlar. Onlar sonradan bu təcrübədən istifadə edərək başqa qurumlarda işə düzələ bilərlər: "Bu insanlar xarici şirkətlərdə işləyərkən beynəlxalq standartlara uyğun qabiliyyətlər, səriştələr qazanıblar... Artıq o, rəqabət qabiliyyətlidir. Bu təcrübədən çıxış edərək onun ümidi var ki, bir yerə ərizə verərsə, ona üstünlük veriləcək".



Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı isə problemi həll etmək üçün layihə hazırlayır. Qurumun Təşkilat Şöbəsinin müdiri Həmid Musayevin sözlərinə görə, onlar istəyirlər ki, iş bitəndən sonra işdən azad olunma azərbaycanlılardan yox, əvvəlcə xaricilərdən başlanılsın. İkincisi, bir podratçı şirkətin işdən azad etdiyi işçi avtomatik olaraq başqa bir podratçıyla müqavilə bağlaya bilsin. Yəni sadəcə yerini dəyişsin.



"BP-Azərbaycan"ın sözçüsü Tamam Bayatlı isə bildirir ki, BP-nin podratçıları onsuz da yerli işçilərə üstünlük verirlər: "Onlar daha çox Azərbaycan vətəndaşlarının axıradək işdə qalmasında maraqlıdırlar. Əvvəla ona görə ki, onlar özəl şirkətlərdir, hər hansısa bir bahalı xarici işçi əvəzinə istəyərlər ki, yerli işçini saxlasınlar. İkincisi, onlar bizə – BP-yə öhdəlikləri var ki, mümkün qədər daha çox azərbaycanlıları saxlasınlar".



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin problemin həlliylə bağlı nə düşündüyünü isə öyrənmək mümkün olmadı. Bizə məmurların iclas olduqlarını dedilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG