Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:43

Vladimir Putin Robert Koçaryanla Qarabağla bağlı məsləhətləşmələr aparacaq<p align=`left`><br><br>


Səs: Real audio
Rusiya prezidenti azərbaycanlı həmkarına bununla bağlı söz verdiyini deyir Rusiya Federasiyasının prezidenti Vladimir Putin yaxın vaxtlarda Ermənistanın dövlət başçısı Robert Koçaryanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsləhətləşmələr aparmaq niyyətindədir. Bakıda səfərdə olan cənab Putin fevralın 22-də azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, Rusiya ondan asılı olan hər şeyi edəcək ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların nəticəsi müsbət olsun.



Vladimir Putin: «Mən Azərbaycan prezidentinə söz vermişəm ki, biz təşəbbüslə çıxış edərək, ermənistanlı tərəfdaşımızla da bu münaqişəylə bağlı əlavə məsləhətləşmələr aparaq. Yaxın vaxtlarda Ermənistan prezidentiylə əlaqə saxlamaq və bu münaqişəylə bağlı növbəti məsləhətləşmələr aparmaq üçün onu Moskvaya dəvət etmək fikrindəyəm».



Cənab Putin nəticə əldə edə bilmək üçün Azərbaycanla Ermənistanın da səy göstərməli olduğunu bildirib.



Azərbaycan prezidenti İlham Əliyevsə, həm qonşu, həm böyük dövlət, həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasında fəal rol oynayacağına ümid etdiyini deyib.



Prezidentlər regional problemlər sırasında İranda nüvə proqramı ilə bağlı yaranmış vəziyyəti də müzakirə ediblər. Vladimir Putin bu məsələnin region üçün praktik əhəmiyyət daşıdığını bildirib və bununla bağlı Moskvada aparılan Rusiya-İran danışıqlarının da asan keçmədiyini, amma müsbət nəticə əldə olunacağına ümid etdiklərini deyib.



Vladimir Putin: «İndi İran adından danışıq aparanlar siyasi rəhbərliklə məsləhətləşmək üçün vaxt götürüblər. Biz ümid edirik ki, Moskvanın böhrandan çıxış üçün təklif etdiyi yol, nüvənin zənginləşdirilməsi məqsədilə Rusiya ərazisində birgə müəssisə yaradılması təklifi İran üçün tam məqbuldur».



Rusiya prezidenti hazırda İrandan reaksiya gözlədiklərini və müsbət nəticəyə ümid etdiklərini deyib. O, bu prosesin iştirakçıları olan avropalı və amerikalı həmkarları ilə daim ünsiyyətdə olduqlarını da deyib.



Vladimir Putinin Azərbaycana səfəri zamanı iki ölkə başçısı birgə bəyannamə və Azərbaycanla Sverdlovsk vilayəti arasında müxtəlif sahələrdə əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. Səfərdən əvvəl nəzərdə tutulan bank sahəsində əməkdaşlıq haqqında saziş isə, imzalanmayıb.



Rusiya prezidenti fevralın 22-i axşam saatlarında Bakını tərk edib.
XS
SM
MD
LG