Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

Sabah müharibə olsa...


Səs: Real audio
Maliyyə naziri Əvəz Ələkbərov isə, fərdi şəxslərə məxsus ev quşlarının qırılması halları olarsa, kompensasiya verilə biləcəyini deyir Azərbaycan ümumilikdə qonşuları olan böyük dövlətlər – Rusiya, Türkiyə, İranla, eyni zamanda Birləşmiş Ştatlarla münasibətləri balanslaşdırmağa çalışır. İranın nüvə məsələsinin münaqişə həddinə çatması isə Azərbaycanı çətin vəziyyətə sala bilər



Son günlər Bakıda çap olunan qəzetlərdə ABŞ-ın İrana mümkün hərbi müdaxiləsində Azərbaycanın ərazisindən istifadə edəcəyi barədə fikirlər səslənir. Ötən həftə bəzi müxalifət qəzetləri Azərbaycanda, xüsusilə Naxçıvan aerodromunda Amerika hərbçilərinin yerləşdirilməsi barədə yazsa da, xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, Bakı ilə Vaşinqton arasında İran məsələsi müzakirə olunmur. Müdafiə naziri Səfər Əbiyev isə bildirdi ki, Azərbaycanın heç bir aeroportu Birləşmiş Ştatların istifadəsinə verilməyib, bu məlumatlar yanlışdır.



Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevin fikrincə, İran məsələsinin hərbi yolla həllindən danışmaq hələ tezdir, ortada heç bir hərbi qarşıdurma yoxdur. Ancaq məsələ kritik həddə çatsa – İran beynəlxalq qurumlarla əməkdaşlıqdan tam imtina etsə, onda bu dövlətə hərbi hücum qaçılmaz olar. Ancaq bu halda Azərbaycan vəziyyəti heç cür dəyişə bilməz.



Politoloq Zərdüşt Əlizadə düşünür ki, Azərbaycan İran məsələsində kənarda durmamalıdır, çünki qanunsuz hərbi müdaxilə beynəlxalq hüququn – Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın güvəndiyi bir sütunun aşınması deməkdir. Siyasətşünas eyni zamanda İran məsələsinin həllində Azərbaycanın siyasi, maddi imkanlarının məhdud olduğunu deyir: "Azərbaycan artıq öz ərazisində Amerika infrastrukturu üçün müəyyən qədər zəmin yaradıb".



Harvard Universiteti Xəzər Araşdırmalar Proqramının layihə direktoru Brenda Şaffersə Azərbaycanın neytral mövqe tutması fikriylə razılaşmır. Belə ki, Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramının üzvüdür, hərbi sahədə Birləşmiş Ştatlarla əməkdaşlıq edir. Azərbaycanın İranla münasibətlərində isə gərgin dövrlər olub. Xanım Şaffer 2001-ci ilin yayında İranın hərbi gəmisinin Azərbaycanın neft yatağında kəşfiyyat aparan gəmini təhdid etməsini xatırladır.



Brenda Şafferin sözlərinə görə, İrana iqtisadi sanksiya tətbiq oluna bilər. Belə olan halda Azərbaycan İrana aparılan, ordan çıxan malların monitorinqini aparmalı olacaq: "Sanksiyalar Azərbaycanı hərbi müdaxilədən daha çox çətin vəziyyətə sala bilər. Bu halda Azərbaycan sanksiyaların pozulmamasının monitorinqini aparmaq üçün qapıçı kimi mühüm mövqedə olacaq".



Ümumilikdə isə İranın nüvə məsələsinin hərbi yolla həllinin nəinki Bakıya, bütün regiona mənfi siyasi və iqtisadi nəticələrinin qaçılmaz olacağı görünür. Buna görə də Azərbaycan rəsmiləri də daxil olmaqla dünyanın əksər siyasi qüvvələri məsələnin diplomatik həllindən danışır.
XS
SM
MD
LG