Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:09

«Quş qripi» bazarı bahalaşdırır


Səs: Real audio
Ekologiya və Təbii Sərvətlər Nazirilyi «quş qripi» virsunun yayılması ehtimal olunan ərazilərin xəritəsini hazırlayır Azərbaycanda adamlarda "quş qripi" tapılmasa da, quşlarda tapılandan sonra yumurta, quş əti alveri getmir. Quş məhsullarından az qala kütləvi imtina olunur, nəticədə də o biri məhsullar, məsələn, mal əti bahalaşır



"Quş qripi" ilə bağlı məlumatlardan sonra Bakıdakı bazarlarda mal, qoyun əti, balıq bahalaşıb.



"Təzə bazar"da satıcılarla söhbətdən məlum oldu ki, ilk dəfə "quş qripi" ilə bağlı məlumat yayılanda, bu qiymətlərə elə də təsir etməyib. Amma məlumat rəsmən təsdiqlənəndən sonra quş əti və yumurta bazardan tamamilə yığışdırılıb. Satıcıların dediyinə görə, əvvəllər toyuq və yumurta alanlar indi mal əti, qoyun əti almağa üstünlük verirlər. Bu da sözsüz ki, qiymətlərə az da olsa, təsir etməyə başlayıb. Mal və qoyun əti 2-3 min manat artıb.



Satıcı Vahid Səlimov isə qiymətlərin belə qalxmasını "quş qripi"ndən çox dizel yanacağının bahalaşması ilə əlaqələndirir.



Ancaq göyərti satan Sənubər Qədimova deyir ki, qrip söz-söhbətindən sonra ailələri toyuq ətindən imtina edib, göy qutabına, ümumiyyətlə, göy-göyərti ilə hazırlanan yeməklərə üstünlük verməyə başlayıblar.



Təzə Bazardan fərqli olaraq "Abşeron" mağazasında həm toyuq əti, həm də yumurta var. Amma orda dayandığım təxminən 20 dəqiqə ərzində 30-a yaxın alıcıdan cəmi bir nəfəri yumurta aldı. Digərləri isə toyuq ətini artıq digər ərzaq məhsulları ilə əvəzlədiklərini bildirdilər. Mağaza müdiri də yumurta və toyuq əti satışının 2-3 faizə düşdüyünü dedi.



Səməd Vurğun küçəsindəki ərzaq mağazalarının birində satıcı işləyən Rafiq Kazımov deyir ki, son vaxtlar kartof, kələm, yer kökü, çuğundur, un məmulatları alanların sayı çoxalıb. Bunun daha çox "quş qripi"lə bağlı olduğunu deyən satıcıya görə, baha olduğu üçün mal əti, qoyun əti ala bilməyənlər sadalanan ərzaq məhsullarına üstünlük verirlər. Rafiq Kazımovun sözlərinə görə, tələbat çoxaldığından, indi onların da qiymətləri qalxır.



"Turan" informasiya agentliyinin bazarların təhlili üzrə eksperti Samir Neymanoğlu hesab edir ki, digər ət məhsullarının bahalaşmasında "quş qripi"lə bağlı məlumatların böyük rolu var. Onun dediyinə görə, mal və qoyun ətindən təxminən 30 faiz ucuz olduğundan, əhalinin əksəriyyəti quş əti və yumurtaya üstünlük verirdi. İndi vəziyyət dəyişib və tələbat digər ət məhsullarının üzərinə düşüb. Elə bu baxımdan da cənab Neymanoğlu o fikirdədir ki, "quş qripi"lə bağlı məlumatlar sakitləşməyənə qədər balıq və digər ət məhsullarının qiymətində ucuzlaşma gözlənilmir.



Şəkər tozu, qənd və digər ərzaq məhsullarının qiymətlərində artımına gəlincə, Samir Neymanoğlu bunu həmin ərzaq məhsullarının topdansatış qiymətlərinin bahalaşması ilə izah edir. Amma ekspert bunun səbəbi barədə fikir söyləməyin çətin olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG