Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:53

Dindarlar İsa Məsih və Hz.Məryəmin təhqir olunmasına etiraz edirlər


Səs: Real audio
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyinə müraciət edərək "Yeni xəbər" qəzetində İsa Məsih və Həzrəti Məryəm haqqında təhqiramiz yazıların araşdırılmasını istəyib. Komitə həmçinin qəzetin baş redaktorunu məhkəməyə verməyə hazırlaşır Bu barədə "Azadlıq" radiosuna komitənin sədri Rafiq Əliyev məlumat verib. Onun sözlərinə görə, yazı təkcə xristianların dini hisslərini təhqir etmir, bu, həm də müsəlmanlara qarşı yönəlib. Çünki İslam da İsa Məsihi peyğəmbər sayır. Rafiq Əliyev deyir ki, yazı dinlər arasında ədavət salmağa yönəlib.



Bakıda çıxan «Yeni Xəbər» qəzeti xristianları, eləcə də İsa Məsih və onun anası Həzrəti Məryəmi küçə söyüşləri ilə təhqir edən məqalə dərc edib. Qəzet bunu bəzi Avropa qəzetlərində Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə cavab adlandırıb.



«Cümə» məscidinin və eyni adlı icmanın imamı İlqar İbrahimoğlu yazını «küfr, dini hisslərin təhqiri və dinlərarası qarşıdurmaya yönələn təxribat» kimi xarakterizə edib. Onun sözlərinə görə, Danimarkanın «Yyllands-Posten» qəzetində Məhəmməd peyğəmbərin təhqirilə əlaqədar olduğu kimi, bunu da heç vəchlə söz azadlığının təzahürü adlandırmaq olmaz. «Hər iki halı inanclı insanlara qarşı mənəvi terror kimi qiymətləndirmək olar» - deyə, o bildirib.



Cənab İbrahimoğlu deyib ki, «Cümə» Dini İcması «Yeni Xəbər» qəzetinin məhkəməyə cəlb olunması imkanlarına baxır. O, Azərbaycan ictimaiyyətini qəzetdə dərc edilən yazılara qəti etirazını bildirməyə çağırıb.



Alim-teoloq Nəriman Qasımoğlu da bildirir ki, «Yeni Xəbər» qəzeti təkcə xristianları yox, həm də müsəlmanları təhqir edib. Belə ki, İsa Məsih də İslamın beş elçisindən biridir. Müqəddəs Məryəm haqqında isə, Qurani-Kərimdə ayə var. Orada deyilir ki, o, «aləmlərin qadınlarından üstün tutulur».



Yazıya ilk reaksiyanı İranın Azərbaycandakı səfirliyi verib. Səfirliyin məlumatında bildirilir ki, təhqirlər «Qurani-Kərimin müqəddəs surəsi olan Məryəm surəsi və bir sıra digər ayələrindən məlumatsızlıq üzündən və yaxud islam və xristianlıq kimi iki ilahi dinin ardıcılları arasında düşmənçilik yaradılması məqsədilə çap edilib».



Mətbuat Şurasının sədri Əflatun Amaşov isə, «Yeni Xəbər» qəzetində dərc olunan məqaləni qəti şəkildə pisləyib. Onun sözlərinə görə, yazı Konstitusiya və mətbuat sahəsində qanunvericiliyə və Jurnalistlərin Peşə Kodeksinə ziddir. Cənab Amaşovun fikrincə, bu təxribat dinlərarası dialoqun pozulması və Qərb mətbuatında Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz şəkillərin çap edilməsi ilə əlaqədar müsəlmanlarla xristianlar arasında yaranmış ixtilafların aradan götürülməsini əngəlləmək məqsədlərinə xidmət edir.



«Yeni Xəbər» qəzetinin baş redaktoru Faiq Balabəyli isə, deyir ki, çap etdikləri məqalə söz azadlığının təzahürüdür.



«Yeni Xəbər» qəzeti Azərbaycanda az tanınan həftəlik qəzetdir. Bəzi mənbələrin «Yeni Xəbər» qəzetində İsa peyğəmbər və onun anası Həzrəti Məryəmə aid karikaturaların dərc edilməsi barədə yaydığı xəbər isə, yanlışdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG