Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

Baytarlıq Müfəttişliyi əhalini ehtiyatlı olmağa çağırır


Səs: Real audio
Qurumun müraciətində insanların, xüsusilə uşaqların quşlarla təmasda olması qadağan edilir Azərbaycanda «quş qripi» virusunun olması rəsmən təsdiqlənəndən sonra fevralın 14-də Dövlət Baytarlıq Müfəttişliyi əhaliyə müraciət edib, onları ehtiyatlı olmağa çağırıb. Müraciətdə deyilir ki, yalnız Dövlət Baytarlıq Xidmətinin qeydiyyatında olan quşçuluq müəssisələrinin ət və yumurta məhsuları satılmalıdır. İnsanların, xüsusilə uşaqların quşlarla təmasda olması qadağan edilir. Qadağalar sırasına açıq şəraitdə ev quşlarının, xüsusilə su quşlarının və göyərçinlərin saxlanmasının yolverilməzliyi də daxildir.



Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənovun sözlərinə görə, «quş qripi» Bakının Türkan qəsəbəsi və Şıx çimərliyi ərazisində ölmüş quşlardan götürülən nümunələrdə aşkar edilib. Ölmüş quşlardan növbəti nümunələr də London və Almaniyadakı laboratoriyalara göndəriləcək.



Bakı əhalisinin böyük hissəsini içməli su ilə təmin edən Ceyranbatan su hövzəsində tapılan ölü quşların nümunələri də Londona göndəriləcək. İsmayıl Həsənov deyir ki, hövzəyə quş cəsədləri düşsə də, bu, insan üçün təhlükəli deyil.



Hazırda Azərbaycanda BMT-nin Fauna Təşkilatının, Türkiyə və Xorvatiyanın ekspertləri işləyir. Dəniz sahilində ölmüş quşların cəsədləri yığılıb yandırılır və həmin yerlər dezinfeksiya edilir.



7 Saylı Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Məhəbbət İbrahimovanın verdiyi məlumata görə, fevralın 14-də müəssisəyə «quş qripi»nə oxşar əlamətlərlə bir xəstə gətirilib. Ancaq müayinələrdən sonra onun adi qrip olduğu müəyyən edilib.



Fevralın 11-də Zaqatala rayonundan da Ağ Ciyər Xəstəlikləri İnstitutuna «quş qripi» şubhəsi ilə bir nəfər xəstə gətirilmişdi. Müayinələr onun da virusa yoluxmadığını göstərmişdi.



Azərbaycanda köçəri quşlar arasında «quş qripi» virusunun olması barədə Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri fevralın 10-da rəsmi məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG