Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:52

Azərbaycanda «quş qripi»nin - H5N1 virusunun olduğu təsdiqlənib


Səs: Real audio
İbadulla Ağayev bildirir ki, ölkədə «quş qripi»nin yayılması və onun insanlara keçmək ehtimalı çox azdır Fevralın 10-u axşam saat 10-da Londonun «Verbric» laboratoriyası Azərbaycandan analiz üçün göndərilmiş vəşhi çöl quşunun cəsədində «quş qripi»nin - H5N1 virusunun olduğunu bir daha təsdiqləyib. İndiyə qədər Azərbaycandan Londona göndərilmiş vəhşi quşun cəsədində təhlükəli H5N1, yoxsa, ancaq vəhşi quşlarda olan H5 virusunun tapılması ilə bağlı mübahisə var idi.



Fevralın 11-də keçirilən mətbuat konfransında ölkənin baş epidemioloqu İbadulla Ağayev dedi ki, Azərbaycanda «quş qripi»nə yoluxmuş adam yoxdur. Onun sözlərinə görə, sözügedən xəstəliyə yoluxmaqda şübhəli bilinən 300 nəfərin Qahirəyə göndərilən qan analizlərinin cavabına görə, onların heç biri «quş qripi»nə tutulmayıb.



Cənab Ağayev deyir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb mərkəzləri bədəninin hərarəti 38 dərəcədən yuxarı olan və qrip əlamətləri aşkarlanan bütün xəstələri nəzarətdə saxlayacaqlar. Bu barədə bütün tibb mərkəzlərinə göstəriş verilib.



İbadulla Ağayev bildirir ki, Azərbaycanda «quş qripi»nin yayılması və onun insanlara keçmək ehtimalı çox azdır, amma əgər belə bir hal aşkarlanarsa, Səhiyyə Nazirliyi bu virusla mübarizə aparmağa tam hazırdır. Ölkənin baş epidemioloqu əmin edir ki, Azərbaycanda yaşayanlar «quş qripi»nə su vasitəsilə yoluxmayacaqlar.



İbadulla Ağayev deyir ki, Azərbaycanın həkimləri «quş qripi» ilə mübarizə apara biləcəklər. Onun sözlərinə görə, epidemioloqlar bu yaxınlarda Ukraynada təcrübə keçiblər: «Azərbaycanda H5N1 virusunun ilkin diaqnozunu qoymaq mümkündür. Dövlət Baytarlıq Xidmətində yeni quraşdırılan laboratoriyada qripin növünü daha dəqiq müəyyənləşdirmək mümkün olacaq».



Ölkənin baş epidemioloqu deyir ki, əhali qorxub-çəkinmədən fabriklərdə istehsal edilən quşların ətini də, yumurtasını da yeyə bilər: «Bir şərtlə ki, yaxşıca qaynansın».



İbadulla Ağayev məsləhət görür ki, quşlarla təmasda olan, onun ətindən və yumurtasından istifadə edənlər hər ehtimala qarşı əllərini sabunla yaxşı-yaxşı yusunlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG