Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:23

Parisdə prezidentlərin görüşü keçirilir


Səs: Real audio
Fevralın 10-da Rambuedə, Fransa prezidentinin iqamətgahında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bağlı qapılar arxasında keçirilən danışıqlar fevralın 11-də davam etdiriləcək Fevralın 10-u səhər isə Fransa prezidenti Jak Şirak Parisdəki Yelisey Sarayında Azərbaycan və Ermənistan prezidentlərini qəbul edib. İlk olaraq Şirak yerli vaxtla saat 11-də Ermənistanın dövlət başçısı Robert Koçaryanı qəbul etdi. Düz bir saat sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü. Əvvəl Koçaryan, sonra isə İlham Əliyev Yelisey Sarayını mətbuata heç bir açıqlama vermədən tərk etdilər.



Yeganə açıqlamanı hələlik Fransa prezidentinin mətbuat katibi Jerom Bonnafon verib. O bildirib ki, Jak Şirakın prezidentlərlə ayrı-ayrılıqda keçirdiyi görüşlər təxminən 45 dəqiqə davam edib. Cənab Bonnafonun sözlərinə görə, Şirak hər iki prezidentlə görüşündə sülh danışıqları ilə bağlı öz tövsiyələrini verib. O, ümid etdiyini bildirib ki, Fransadakı müzakirələr sülhə doğru inkişafın əldə olunmasına xidmət edəcək. Şirak deyib ki, indiki vəziyyət sülh üçün şans verir. O, hər iki tərəfi əmin edib ki, beynəlxalq ictimaiyyət sülh razılaşmasının əldə olunması və onun həyata keçirilməsi üçün yardım etməyə hazırdır.



Şirakın mətbuat katibi Bonnafon əlavə edib ki, Fransa tərəfi danışıqların təşkili üçün hərtərəfli yardım göstərir. Və indi hər şey prezidentlərin öz əlindədir.



Prezidentlərin danışıqları üçün Rambuedəki qəsr ayrılıb. Bu qəsr 1375-ci ildə tikilib və o, Fransa prezidentlərinin Paris kənarı iqamətgahı kimi tanınır.



Jak Şirakın Rambuedəki danışıqlara qoşulub-qoşulmayacağı hələlik məlum deyil.



ATƏT-in Minsk Qrupunun həmsədrləri də prezidentlərin danışıqlarına qoşulacaqlar. Danışıqlarla bağlı həmsədrlərdə böyük ümidlər var. Vasitəçilərdən biri – fransalı diplomat Bernar Fasyenin mətbuata verdiyi məlumata görə, danışıqlarda sülh sazişinin əsas prinsipləri ətrafında müzakirələr aparılacaq.



Danışıqlar məxfi keçir. Lakin müzakirələrin pozitiv bir atmosferdə keçdiyini demək mümkündür.



"Financial Times" qəzeti fransalı həmsədr Bernar Fasyeyə istinadən yazır ki, Rambue danışıqları Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində dönüş nöqtəsi ola bilər.
XS
SM
MD
LG