Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:47

Əmanətlərin qaytarılmasına iyuldan başlanacaq


Səs: Real audio
Əmanətlərin əvvəlcə kimlərə və hansı nisbətlə ödəniləcəyi hələ dəqiqləşməyib Sovet dövründə banklara qoyulmuş əmanətlərin qaytarılmasına bu ilin iyul ayından başlamaq mümkün olacaq.



Maliyyə naziri Əvəz Ələkbərov fevralın 10-da keçirdiyi mətbuat konfransında deyib ki, əmanətlərin qaytarılması 8-10 ilə qədər yekunlaşacaq. Nazirin sözlərinə görə, hökumət əmanətlərin əvvəlcə kimlərə və hansı nisbətlə ödəniləcəyini hələ dəqiqləşdirməyib.



Əmanətlərin qaytarılmasıyla bağlı yeni komissiyanın yaradılması da nəzərdə tutulub. Müxtəlif dövlət qurumları nümayəndələrindən ibarət həmin komissiya əsasən mübahisəli məsələlərin hüquqi baxımdan həlli ilə məşğul olacaq. Əvəz Ələkbərov deyir ki, hökumət əmanətlərin mümkün qədər ədalətli mexanizmlə qaytarılması metodlarını müzakirə edir.



«Kapitalbank»da (keçmiş Əmanət Bankı) da bu məqsədlə struktur islahatları aparılacaq, bankın rəhbərlərindən biri bu məsələlərin həlli üçün ayrılacaq.



İndi hökumət əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsinin üzərində işləyir. Maliyyə naziri deyib ki, qanunun aprel ayında qəbul edilməsi nəzərdə tutulub. Bu məqsədlə 45 səhifəlik xüsusi sənəd də hazırlanır.



Əmanətlərin qaytarılması prosesi 1992-ci ilin yanvarın 1-dək pulunu banklara etibar etmiş şəxsləri əhatə edir. İlkin hesablamalara görə, hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var. Ekspertlərin fikrincə, əmanətlər qaytarılarkən, 1 rus rublu 1 dollara bərabər tutulmalıdır.
XS
SM
MD
LG