Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:01

Bakıdakı diplomatik korpusun mühafizəsi gücləndirilib<p align=`left`><br><br>


Səs: Real audio
Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi Fevralın 7-də Xarici İşlər Nazirliyi (XİN) bəyanatla çıxış edərək, bəzi Avropa kütləvi informasiya vasitələrində islama münasibətdə meydana çıxmış təzahürləri pisləyib, bunu insanların dini etiqadına hörmətsizlik kimi qiymətləndirib. Sənəddə bildirilir ki, Azərbaycan qarşıya çıxmış problemin birgə səylərlə, konstruktiv dialoq vasitəsilə aradan qaldırılmasının tərəfdarıdır.



Eyni zamanda, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) baş verə biləcək insidentlərin qarşısını almaq məqsədilə sayıqlığı artırmaqla yanaşı, ölkədəki diplomatik korpusların təhlükəsizliyini gücləndirib. Bu haqda BŞBPİ-nin rəis müavini Yaşar Əliyev məlumat verib.



Fevralın 7-də Bakının mərkəzindəki Füzuli meydanında və Nardaran qəsəbəsində Avropa qəzetlərinin Məhəmməd peyğəmbərin karikaturlarını dərc etməsinə etiraz olaraq aksiya keçirilib. Səhər saat 10.30-da «Allahu-Əkbər!» şüarı səsləndirən onlarla gənc «Füzuli» meydanına toplaşaraq baş verənlərə etirazlarını bildirmək, ordan da Xarici İşlər Nazirliyinə getmək istəyiblər. Aksiya iştirakçıları hökumətin Qərb ölkələrinin Azərbaycandakı səfirliklərinə etirazını bildirməsini tələb ediblər. Bəzi informasiya agentlikləri onları yeddi məscidin icması kimi təqdim etsələr də, aksiya iştirakçıları özlərini sadəcə, mömin kimi təqdim ediblər.



Aksiya razılaşdırılmadığından onun keçirilməsinə icazə verilməyib. BŞBPİ-nin rəis müavini Yaşar Əliyev deyir ki, aksiyaçılardan heç kim saxlanmayıb, onlarla sadəcə, izahat işi aparılıb.



Növbəti günlərdə belə aksiyaların keçirilməsini istisna etməyən Yaşar Əliyev icazəsiz aksiyaların qarşısının dərhal alınacağını deyir. O, paytaxtda polisin sayıqlığı artırdığını da söyləyir.



Nardaran qəsəbəsinin sakinləri isə, karikaturanın nəşr olunduğu Danimarkanın bayrağını yandırıblar. Onlar digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanı da Danimarka məhsullarını boykot etməyə çağırıblar.



Fevralın 7-də həmçinin «İslamafobiyaya yox!» adlı forum keçirilib. Tədbir iştirakçılarının müraciətində deyilir ki, etiraz aksiyaları dinc şəkildə keçirilməlidir, hər cür zorakılıq pislənilib. Eyni zamanda, Qərbin vətəndaş cəmiyyətlərinin baş verənlərə münasibətlərini açıqlamasını da istəyiblər.
XS
SM
MD
LG