Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:40

Yuri Merzlyakov: «Razılaşdırılmamış qalan üç məsələ müzakirə olunur»


Səs: Real audio
Bernar Fasiye isə, bildirib ki, səfərdə məqsəd prezidentlərin Paris danışıqlarının detallarını razılaşdırmaqdır Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupu həmsədrləri–amerikalı Stiven Mann, fransalı Bernar Fasiye və rusiyalı Yuri Merzlyakov fevralın 1-də Xarici İşlər Nazirliyində (XİN) ilk görüşlərini keçiriblər. Görüşdə nazir Elmar Məmmədyarov və prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, nazir müavini Araz Əzimov iştirak edib. Bu barədə XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə məlumat verib.



Görüşdən sonra rusiyalı həmsədr Yuri Merzlyakov deyib ki, yalnız görüşlər başa çatdıqdan sonra fikir söyləyəcəklər. O, eyni zamanda bildirib ki, münaqişənin nizamlanması üzrə razılaşdırılmamış qalan üç məsələnin müzakirəsi gedir. Fransalı həmsədr Bernar Fasiye isə, əlavə edib ki, bu dəfəki səfərdə məqsəd prezidentlərin Paris danışıqlarının detallarını razılaşdırmaqdır.



Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin sonuncu London görüşündə əldə edilən razılığa görə, iki ölkə prezidenti İlham Əliyev və Robert Köçaryan fevralın 10-u və 11-də Fransada görüşməlidirlər.



Fevralın 1-də həmçinin prezident İlham Əliyev də həmsədrləri qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Həmsədrlərin Bakıya səfərinə etiraz edən Qarabağ Azadlıq Təşkilatının 13 üzvünü isə, polis saxlayıb. Onlar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıblar. Təşkilatın sədri Akif Nağı deyir ki, ona rəsmi xəbərdarlıq ediləndən sonra təşkilatın fəalları azad ediliblər.



Həmsədrlər fevralın 2-də Ermənistanda olacaqlar.
XS
SM
MD
LG