Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:35

Nardaran sakinləri etiraz aksiyaları keçirəcəklərini deyirlər


Səs: Real audio
Qəsəbə sakinləri yanvarın 25- baş verən atışmada polisi günahkar hesab edirlər Nardaran camaatı vahimə içərisindədir. Sakinlər deyirlər ki, günün birinci yarısı polis qəsəbənin bütün giriş və çıxış yollarını bağlı saxlayıb, yalnız günortadan sonra bu vəziyyət aradan qaldırılıb. Sakinlər yanvarın 25-də qəsəbədə baş verən atışmada polisi günahkar hesab edirlər. Qətlə yetirilmiş Ramiz Həsənovun yas mərasimində iştirak edən Nardaran sakini Yaşar Cəbrayılov deyir ki, hadisə polisin özbaşınalığı nəticəsində baş verib. Onun sözlərinə görə, insident zamanı yaralanan qəsəbə sakinləri Həsən Əzimov və İlham Quliyev isə, biri səsə çıxarkən, digəri isə, siqaret alıb evinə gedərkən polisin hədəfinə çevriliblər. Yaşar Cəbrayılov hüquq-mühafizə orqanlarının qəsəbədə 30 nəfərlik cinayətkar dəstənin olduğu barədə yaydığı məlumatın həqiqətəuyğun olmadığını bildirir.



Nardaranlılar hazırda Musa Nağıyev adına Təcili-Tibbi Yardım Xəstəxanasında müalicə olunan yaralıların yanına heç kimin buraxılmadığını da deyirlər. Sözügedən xəstəxananın reanimasiya şöbəsinin həkimi Şöhlət Verdiyev isə, yaralıların vəziyyətinin sabit olduğunu bildirməklə yanaşı, onların hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətində olduqlarını və yanlarına heç kimin buraxılmadığını deyir.



Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran nümayəndəliyindən isə, günün birinci yarısı qəsəbənin yollarının bağlı olması barədə deyilənləri təsdiqləməyib, sakitlik oduğunu və qeyri-adi heç bir şeyin baş vermədiyini bildirdilər.



Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov da gün ərzində hadisə ilə bağlı yeni heç nə olmadığını bildirir.



Qəsəbə sakinləri Nardarana qərəzli münasibətə son qoyulması və cinayətkarların cəzalandırılması tələbilə yanvarın 27-də İmam Hüseyn meydanında etiraz aksiyası keçirəcəklərini bildirirlər. Sakinlər baş verənləri 2002-ci il 3 iyun hadisələri ilə əlaqələndirirlər.



2002-ci ilin iyun ayında Nardaran camaatı sosil tələblərlə etiraz aksiyası keçirdikləri zaman polislə yaranan qarşıdurma nəticəsində bir nəfər sakin odlu silahdan açılan atəşlə qətlə yetirilmişdi.



Yanvarın 25-də günorta saat 3 radələrində isə, Nardaran qəsəbəsində baş verən atışmada iki polis əməkdaşı - kapitan Rövşən Rəhimov və leytenant İlqar Ağayev, eləcə də bir kənd sakini-Ramiz Həsənov qətlə yetirilib. İki qəsəbə sakini isə, yaralanıb. Elə həmin gün Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumatda deyilirdi ki, bir qrup Nardaran sakini Bilgəh qəsəbəsindən qayıdan polislərə hücum edib. Atışma zamanı iki polis əməkdaşı qətlə yetirilib. Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin digər iştirakçılarının saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
XS
SM
MD
LG