Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:57

20 Yanvar anıldı


Səs: Real audio
Səhər tezdən Bakıda yaşayan və bu şəhərin qonağı olanların Şəhidlər Xiyabanına axını başladı Əllərində qərənfillər və 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının şəkilləri olan on minlərlə insan dəstə-dəstə xiyabana gəlirdilər. Ziyarətçilər arasında həmin hadisələrin iştirakçıları, əlillər, həlak olanların doğmaları da vardı.



Şəhidlər Xiyabanına aparan bütün yollar maşınlar üçün bağlı idi. Ziyarətçilərin sayı çox olduğundan, polis onları xiyabana hissə-hissə buraxırdı.



Bakı şəhər Baş Polis İdarəsinin [BŞİH] rəis müavini Yaşar Əliyev bizimlə söhbətində dedi ki, əhalinin təhlükəsizliyinin təminatı və sərbəst hərəkəti üçün xüsusi tədbirlər planı hazırlanıb.



Prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər dövlət rəsmiləri, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Şəhidlər Xiyabanına gələrək Sovet ordusunun təcavüzü nəticəsində həlak olanların xatirəsini yad etdilər. Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Azərbaycan prezidentinə başsağlığı verdilər. Ziyarətçilər arasında ölkənin siyasi partiya liderləri də vardı.



Saat 12-də bütün ölkə Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdi.



BŞİH-dən verilən məlumata görə, Şəhidlər Xiyabanını günün sonuna qədər 2 milyona yaxın Adam ziyarət edib və bu proses axşam saatlarına qədər davam edəcək.



1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbərliyinin Azərbaycanda azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya qoşun yeritməsi nəticəsində 138 nəfər həlak olub, 750 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onların 340 nəfəri ömürlük əlil olub. 20 Yanvar əlillərinin hazırda 333 nəfəri yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG