Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:51

Kəndli taxıldan imtina edə bilər


Səs: Real audio
Müxaliflər bununla parlamentə proporsional seçki sistemini bərpa etmək istəyirlər İqtisadçı Qubad İbadoğluya görə, taxılçılıqla məşğul olanların əksəriyyəti yemçiliyə keçir



Dizelin qiymətinin iki dəfə bahalaşması həm fermerlərə, həm də elə adi kəndliyə çoxsaylı problemlər yaradıb.



Saatlı rayonundakı "Kəndli" Fermer Təsərrüfatının rəhbəri Zaur Məmmədov deyir ki, onun təsərrüfatı rayonda ən geniş imkanlara malik olsa da, yanacağın bahalaşmasından sonra bütün işləri dayandırıblar.



Zaur Məmmədova görə, əgər əvvəllər bir hektar sahənin şumlanması və əkilib-biçilməsinə köhnə pulla 200-250 min manat sərf olunurdusa, indi eyni işlərin görülməsinə 600 min manat lazımdır. Həm də bu qədər xərc çəkib taxıl əksələr də, yığdıqları məhsulu həmin xərcə uyğun sata bilməyəcəklər. Ona görə ki, baha qiymətə taxıla yaxın duran olmayacaq. Digər tərəfdən, qiymət artımı olacağı halda alıcılar daha ucuz və keyfiyyətli Qazaxıstan və Rusiya taxılına üstünlük verəcəklər.



Zaur Məmmədov hesab edir ki, belə olan təqdirdə qiyməti qaldıra bilməyən fermerlər əkinçilikdən tamamilə imtina edə bilərlər.



Sabirabad rayonu Muğangəncəli kəndindən olan traktorçu Altay Xudiyevsə deyir ki, hələ torpağın bir hektarının neçəyə şumlanmasıyla bağlı kənd sakinləri arasında razılıq əldə olunmayıb. Altay Xudiyev həm də xatırladır ki, bir çoxları hələ ötən ilki borcunu verə bilməyiblər.



Həmsöhbətlərim hesab edirlər ki, hökumətin hansısa yardımları olmasa, Azərbaycan bölgələrində az-çox formalaşan fermer subyektləri, bir qədər varlanan kəndlilər tamamilə müflisləşə bilərlər.



İqtisadçı Qubad İbadoğluya görə isə, dizelin bahalaşması təkcə qiymət artımı ilə deyil, həm də əkinçiliyinin strukturunun dəyişməsi ilə müşayiət olunacaq:



"Artıq bizdə olan məlumata görə, fermerlər əkinin strukturunda çox ciddi dəyişikliklər edirlər. Taxılçılıqla məşğul olanların əksəriyyəti keçiblər yemçiliyə. Yonca əkirlər. Taxılın qiyməti onsuzda bahalaşmır, keçən il də ucuz olub və ucuz satışdan da gəlir əldə etmək mümkün deyil. Yəni aqrar siyasət insanların taxıla ehtiyacının ödənməsinə deyil, heyvanların yemlə ehtiyacının ödənməsinə gətirib çıxaracaq".



Bu arada İqtisadi İnkişaf Nazirliyi fermerlərə ünvanlı subsidiyalar verilməsi ilə bağlı təkliflər paketi hazırlayır. Dünyanın bütün ölkələrində kənd təsərrüfatına birbaşa və dolayısı ilə subsidiyalar verildiyini deyən iqtisadi inkişaf naziri Heydər Babayeva görə, Azərbaycanda da iqtisadiyyatın ən böyük sahəsi olan aqrar sektoruna subsidiyalar ayrılmalıdır. Artıq bununla bağlı İqtisadi İnkişaf Nazirliyi Nazirlər Kabinetinə təkliflər də göndərib. Maliyyə və Kənd Təsərrüfatı nazirliklərində də subsidiyalar üçün mümkün variantlar üzərində iş aparılır.



İqtisadçı Qubad İbadoğlu isə hesab edir ki, subsidiyalarla bağlı müzakirələr aparılsa da, bu sahədə də bəzi qeyri-müəyyənliklər var.



Ekspert onu da əlavə edir ki, Azərbaycan hökuməti aqrar sektorun üzləşdiyi problemləri aradan qaldırmasa, Azərbaycan bazarları qonşu İran və Türkiyədən gətirilən kənd təsərrüfatı malları ilə dola bilər. Bunun da nəticəsində Azərbaycan kəndlisi istehsalla yox, daha çox həmin ölkələrdən gətirilən malların satışına meyllənə bilər.



Amma bütün bu qeyri-müəyyənliyə baxmayaraq, söhbət etdiyim fermerlər hökumətin hansısa addımlar atacağına inanırlar və həm də bunu səbirsizliklə gözləyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG