Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:08

Nazirlər Rusiyanın Böyük Britaniyadakı səfirliyində görüşəcək


Səs: Real audio
Yanvarın 18-i axşam nazirlərin qeyri-rəsmi təması baş tuta bilər Yanvarın 19-da Londonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü olacaq. Vasitəçilərin təklifi və tərəflərin razılığı ilə görüşün yeri kimi Rusiyanın Böyük Britaniyadakı səfirliyi seçilib. Bu barədə «Azadlıq» radiosuna diplomatik mənbələrdən məlum olub. Yanvarın 18-də isə Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Vartan Oskanyan ayrı-ayrılıqda Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT Minsk Qrupunun həmsədrləri, amerikalı diplomat Stiven Mann, fransalı Bernar Fasiye və rusiyalı Yuri Merzlyakovla görüşürlər. Mənbənin verdiyi məlumata görə, artıq bu axşam nazirlərin qeyri-rəsmi təması baş tuta bilər. Belə ki, həmsədrlər onları şam yeməyinə dəvət ediblər.



Xarici İşlər nazirlərinin London görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT çərçivəsində başlanan Praqa danışıqlar prosesinin davamı kimi qiymətləndirilir. Lakin Londonda əsas müzakirə olunacaq məsələ Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Robert Koçaryanın fevral ayına planlaşdırılan görüşü ilə bağlı olacaq.



Amerikalı həmsədr Stiven Mannın bu yaxınlarda «Azadlıq» radiosuna verdiyi məlumata görə, hər iki prezident növbəti görüşlə bağlı razılığa gəliblər. Lakin «görüşün yeri və vaxtı üzərində iş» hələ də davam edir. Cənab Mannın sözlərinə görə, böyük qərarlar verilməlidir. Xarici İşlər nazirləri və həmsədrlər tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün xeyli iş görüblər. Hazırkı mərhələdə prezidentlərin Kazan və Varşavada olduğu kimi, şəxsən görüşmələrinə ehtiyac var.



Amerikalı diplomat deyir ki, son iki ildə Praqa prosesi çərçivəsində tərəflər mövqelərindəki fərqi azaltmaq üçün kifayət qədər böyük inkişafa nail olublar və prezidentlər sülh razılığının əldə olunması üçün səmimi maraq göstərirlər. Lakin onun sözlərinə görə, tərəflər arasında real fərqlər hələ də qalır. Və real danışıqlara gələndə Azərbaycan və Ermənistan hələ də, mövqelərində möhkəmdilər.



Yanvarın 19-da Bakı vaxtı ilə saat 23-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov jurnalistlər üçün brifinq keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG