Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:06

Mediaya ayrılan qrantlar problemi həll edə bilməz


Səs: Real audio
ABŞ, Norveç Krallığı və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin və ATƏT-in Bakı Ofisinin nümayəndələri aksiyaçılara baş çəkdilər ABŞ səfiri deyir ki, Azərbaycana 15 milyon dollar qrant ayrılacaq. Bunun da bir hissəsi mətbuata sərf olunacaq. Ancaq mətbuatda nəyə? İndiyə kimi verilən qrantlar hara sərf olunub? Azərbaycanın ən oxunan qəzetlərinin tirajı 4-5 mindir. Adamların qəzet almağa pulu yoxdur, yoxsa yazılar maraqsızdır? İndiyə kimi bu qədər qrant ayrılıb, niyə gözədəyən bir nəticə yoxdur?



«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, bu vaxta qədər ABŞ səfirliyindən bir neçə dəfə yardım alıblar. Ancaq həmin vəsaitlər çox az olduğundan nəzərdə tutulan işlərin hamısını həyata keçirə bilməyiblər. Cənab Zahid hesab edir ki, səfirlik başda olmaqla əksər donor təşkilatlar mətbuatla birbaşa işləmir. Yəni medianın inkişafı üçün nəzərdə tutulan yardımlar ancaq jurnalist təşkilatlarına verilir ki, bu da işin kefiyyətinin yaxşılaşdırılmasına az xidmət edir.



Qənimət Zahid bildirir ki, qrant üçün ayrılan pullar, konkret olaraq ABŞ səfirinin söylədiyi 15 milyon dolların hamısı bir qəzetə, məsələn, «Azadlıq»a verilsə də, nəşrin durumu düzəlməyəcək. Onun fikrincə, Azərbaycan hansı səviyyədədirsə, KİV-ləri də eyni səviyyədədir. Yəni iqtisadi, sosial, siyasi problemlər öz həllini tapmayınca, reklam bazarında vəziyyət düzəlməyincə, heç bir yardım situasiyanı dəyişməyəcək.



«Ayna-Zerkalo» qəzetinin redaktoru Elçin Şıxlı da bir neçə dəfə donor təşkilatlardan, o cümlədən ABŞ səfirliyindən yardımlar aldıqlarını deyir. Eyni zamanda bildirir ki, Azərbaycana başqa MDB dövlətlərindən fərqli olaraq həmişə az yardım olunur. Onun sözlərinə görə, indiyə qədər ayrılan yardımlarla redaksiyaya bir sıra texniki avadanlıqlar alınıb, əməkdaşların bilik səviyyəsinin yüksəldilməsi üçün treninqlər təşkil olunub. Bu qrantların üst-üstə 6-7 min ABŞ dolları məbləğində olduğunu söyləyən redaktor bu fikirdədir ki, yardımların məbləğinin çoxluğu Azərbaycanda medianın vəziyyətini düzəldə bilməz.



Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov isə hesab edir ki, mediaya yardım bazasını ölkə daxilində formalaşdırmaq lazımdır.



Bəs nəşriyyata borcunu qaytaran qəzetlər varmı?



Cənab Amaşov bildirir ki, yaxın günlərdə bir neçə qəzetin borclarının ödənilməsi ilə bağlı müzakirələr apamaq üçün qurum rəhbərliyi «Azərbaycan» Nəşriyyatının direktoru ilə görüşəcək. Nəşriyyatın direktor müavini Bəsti İsmayılova isə deyir ki, hələ indiyə qədər borclu olan qəzetlərdən heç biri borcundan bir manat da olsun ödəməyib.



Mətbuatın nəşriyyata olan borclarının ödənilməsi prosesi 2003-cü ildə mərhum prezident Heydər Əliyevin göstərişi ilə dondurulub. 6 qəzetin «Azərbaycan» Nəşriyyatına köhnə pulla 2 milyard manat borcu var. Bu nəşrlərin əksəriyyəti müxalifət yönümlüdür. Bəsti İsmayılova deyir ki, dövlət qəzeti sayılan mətbu orqanların adı bu siyahıda yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG