Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:19

Aclıq edən gənclərdən daha biri xəstəxanaya aparıldı


Səs: Real audio
ABŞ, Norveç Krallığı və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin və ATƏT-in Bakı Ofisinin nümayəndələri aksiyaçılara baş çəkdilər Yanvarın 16-da aclıq aksiyası keçirən gənclərdən biri – AXCP Gənclər Komitəsinin üzvü Turan Əliyevin səhhəti kəskin pisləşib. Nəticədə o, 1 Saylı Kliniki - Tibbi Mərkəzə yerləşdirilib. O, qaraciyər ağrılarından əziyyət çəkir. Turan Əliyevin təzyiqi də 90-60-a düşüb.



Aksiyanı isə «Yeni Fikir» Gənclər Təşkilatının üzvləri Namiq Feyziyev və Tural Xəlilov davam etdirir. Sonuncu aclığa yanvarın 15-də başlayıb.



Yanvarın 16-da həmçinin ABŞ, Norveç Krallığı və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri və ATƏT-in Bakı Ofisinin nümayəndələri aksiyaçılara baş çəkdilər.



ABŞ səfirliyinin insan hüquqları üzrə müşaviri Pol Ueyn problemin yaxın zamanda həll olunacağına ümid etdiklərini bildirir: «Biz tələbələrin səhhətinin pisləşməsi haqda məlumat aldıqda bura gəldik. Məqsəd vəziyyəti yerində öyrənməkdir. Ümid edirik ki, məsələ yaxın gələcəkdə həll olunacaq və belə problemlə bir daha üzləşməyəcəyik».



Millət vəkili, professor Cəmil Həsənli isə Bakı Dövlət və Pedaqoji Universitetlərin rektorları və Təhsil nazirindən tələbələrin ali məktəblərə bərpa edilməsini xahiş edib. Rektorların və nazirin problemi həll edəcəyinə ümid etdiyini söyləyən cənab Həsənli, əks təqdirdə ölkənin siyasi rəhbərliyini bu məsələyə müdaxilə etməyə çağıracağını bildirir.



Gənclərin aclıq aksiyası artıq 20 gündür ki, davam edir. Namiq Feyziyev deyir ki, aksiyanı dayandırmaq niyyətində deyillər. O, Təhsil naziri Misir Mərdanovu televiziya vasitəsilə onlara müraciət etməməyə, aksiyaçıların yanına gəlməyə dəvət etdi.



«Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nuriyevsə ötən həftə xəstəxanaya yerləşdirilən iki aksiyaçının – «Məqam» Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseynov və «Yeni Fikir» Gənclər Təşkilatının üzvü Elnur Məmmədovun saxlanma şəraitindən narazılıq edir. Bildirir ki, gənclərin saxlandığı palata darısqal və soyuqdur. Onlara baş çəkmək istəyən insanlara maneələr yaradılır.



Namiq Feyziyev xarici ölkələrin Bakıdakı səfirliklərindən gənclərin paytaxtdakı xarici klinikalardan birində yerləşdirilməsinə yardımçı olmalarını xahiş etdiklərini də bildirdi. Amma onlar bu məsələyə qarışmaq səlahiyyətləri olmadıqlarını söyləyiblər. Həmin gənclərin səhhətinə gəlincə, Səid Nuriyev onların ürəyindəki problemlərin hələ də aradan qalxmadığını bildirdi.



Ötən həftə səhhətləri kəskinləşdiyindən iki aksiyaçı – Emin Hüseynov və Elnur Məmmədov xəstəxanaya yerləşdirilib.



«Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev və AXCP Gənclər Komitəsinin fəalı Turan Əliyev siyasi baxışlarına görə, universitetlərdən qovulduqlarını bildirirlər. Təhsil Nazirliyi isə bəyan edir ki, Namiq Feyziyev akademik borcunu ödəmədiyinə, Turan Əliyev isə dövlət əleyhinə vərəqələr yaydığına görə ali məktəbdən xaric edilib.
XS
SM
MD
LG