Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

«Baku Steel Company» fəaliyyətini dayandırır


Səs: Real audio
Müəssisənin fəaliyyətini bərpa etməsi hökumətlə danışıqların nəticəsindən asılı olacaq Yanvarın 17-dən etibarən ölkədə ən böyük tikinti armaturu istehsalçısı olan «Baku Steel Company» fəaliyyətini dayandırır. Şirkət bunu əsas xammalın - metal qırıntılarının çatışmazlığı ilə izah edir. Müəssisənin mətbuat katibi Namiq Əhmədov deyir ki, onlar «Baku Steel Company»ni yaradanda - yəni, 2001-ci ildə proqnoz veriblər ki, Azərbaycanda 10 il ərzində xammal qıtlığı olmayacaq. Amma vaxt keçdikcə məlum olub ki, əhalidəki metal qırıntıları tükənir.



Cənab Əhmədov bildirir ki, indiyə qədər «Baku Steel Company»yə metal qırıntısı verən dövlət müəssisələri, «Azərenerji» Səhmdar Cəmiyyəti, «Azneft» İstehsalat Birliyi, Dövlət Neft Şirkəti kimi qurumlar hazırda əvvəlki həcmdə metal qırıntısı vermirlər: «Dünyanın hər yerində dövlət ağır sənayeni dəstəkləyir».



N.Əhmədovun sözlərinə görə, şirkət metal qırıntısı çatışmazlığının aradan qaldırılması üçün hökumətə müraciət edib və məsələ Baş nazir səviyyəsində müzakirə edilir. Müəssisənin fəaliyyətini bərpa etməsi hökumətlə danışıqların nəticəsindən asılı olacaq.



«Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov isə deyir ki, «Baku Steel Company» metal qırıntısını onlardan ucuz alır, armaturu isə qat-qat baha qiymətə satır. Onun sözlərinə görə, müəssisələr qiymətdə razılaşa bilmirlər.



Adı hallanan digər qurum - Dövlət Neft Şirkətinin Mətbuat Xidmətindən isə məsələyə hələlik münasibət bildirmək istəmədilər.



İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə hesab edir ki, «Baku Steel Company»nin fəaliyyətini dayandırması armaturun bahalaşmasına səbəb olacaq. Çünki bu şirkət Rusiya və Ukraynadan Azərbaycana artmatur gətirən müəssisələrin rəqibi idi.



Xammal problemi həll edilməsə, «Baku Steel Company»nin 2200 nəfər əməkdaşı işsiz qalmaq təhlükəsilə üzləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG