Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

ABŞ və Almaniya «quş qripi» ilə mübarizədə Azərbaycana kömək təklif edir


Səs: Real audio
Dəvəçidə "quş qripi"nin monitorinqinə başlanılıb ABŞ və Almaniyanın Azərbaycandakı səfirlikləri "quş qripi" ilə mübarizədə Respublika Baytarlıq xidmətinə öz köməklərini təklif ediblər.



Xidmətin rəis müavini Emin Şahbazovun sözlərinə görə, səfirliklərin nümayəndələri quşların genlərinin daha yaxşı araşdırılmasına imkan verən yeni tipli avadanlıqların alınmasına maliyyə yardımı ayıra biləcəklərini deyiblər. Hələ ki, bu barədə konkret razılaşma yoxdur.



Emin Şahbazov deyir ki, quşçuluq fabriklərində saxlanılan quşların H5N1 virusuna – "quş qripi"nə yoluxmaq ehtimalı həyətyanı təsərrüfatlarda saxlanılan quşlardan azdır. Onun sözlərinə görə, fabriklər qapalı olduğundan, burada yetişdirilən quşların virus daşıyıcısı olan köçəri quşlarla təmasda olmaq təhlükəsi azdır.



Baytarlıq Xidmətinin rəisi deyir ki, indi fabrikdə işləyənlərə öz həyətlərində quş saxlamağa icazə verilmir, onlara bunun əvəzində ayda 50 min köhnə manat kompensasiya ödənilir. Bunu fabrik quşlarının həyət quşları ilə əlaqəsini tam kəsmək üçün edirlər.



Emin Şahbazovun bu fikriylə müstəqil ekspertlər də razıdırlar. Mütəxəssislər hesab edirlər ki, qapalı mühitdə quşların xəstələnməsi ehtimalı daha azdır.



«Dəvəçi Broyler» quşçuluq fabrikinin baş direktoru Zakir Əzimov isə deyir ki, son vaxtlar əhali "quş qripi"ndən qorxduğundan, fabrikin məhsullarının satış faizi aşağı düşüb. Zakir Əzimovun sözlərinə görə, belə narahatlığa əsas yoxdur, çünki onlar fabrikdəki quşları başqa quşlardan təcrid etmək üçün hər cür tədbir görüblər.



Səhiyyə Nazirliyində isə hesab edirlər ki, hər ehtimala qarşı əhali quş əti yeməkdən çəkinsə yaxşıdır. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səmayə Məmmədovanın sözlərinə görə, ehtiyac yaranarsa, üzərində baytarlıq idarələrinin möhürü olan quş ətindən istifadə etmək lazımdır.



Respublika Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov məsləhət görür ki, əhali ev quşlarını ya qapalı yerdə saxlasın, ya da ümumiyyətlə, saxlamasın. Onun bildirdiyinə görə, bir neçə nazirliyin əməkdaşlarından ibarət monitorinq qrupu yanvarın 13-də Dəvəçi ərazisində tədqiqata başlayıblar. Sonra onlar Qızılağac, Ağgöl və Sarısu ərazisində monitorinq aparacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG