Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:35

Hökumət BMT-yə uşaqların vəziyyətinə dair hesabat verir


Səs: Real audio
Jurnalistlərsə aksiyanı keçirəcəklərini bildirirlər "İnsan haqlarından danışanda, nədənsə yada elə böyüklər düşür. Və yaxud məktəbə getməyib, küçədə maşın yuyub pul qazanan uşaq görəndə, nədənsə fikirləşmirlər ki, bu, uşağın haqqının, məsələn, təhsil haqqının pozulmasıdır". Bunu MDB haqda keçən aykı hesabatında BMT-nin Uşaq Fondu – UNICEF deyir



Bakıdakı orta məktəblərdən birində 3-cü sinifdə oxuyan Elməddin Qasımov hər gün dərsdən sonra paytaxt Bakının meydan və küçələrində gecə 12-1-ə qədər tum satır. Amma buna baxmayaraq, dərsdən də qalmır. Ən böyük arzusu oxumaqdı. Bir də istəyir ki, maşınları olsun, bir yerə gəzməyə gedəndə, öz maşınları ilə getsinlər.



Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, uşaqların hüquqları təhsildə, səhiyyədə və ümumiyyətlə, həyatın bir çox sahələrində pozulur.



Uşaq Hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidov isə yada salır ki, uşaq hüquqları üzrə ombudsmanın yaradılması ilə bağlı 97-ci ildə irəli sürülən tövsiyə bu günədək yerinə yetirilməyib. Hətta Alyansda birləşən 45 təşkilat adından prezidentə müraciət də edilib. Nabil Seyidova görə, Azərbaycanda uşaqlarla bağlı məsələləri əlaqələndirəcək ayrıca qurumun olmaması uşaqların hüquqlarının müdafiəsində xeyli çətinliklər yaradır.



Azərbaycan hökuməti yanvarın 19-da Cenevrədə BMT-nin Uşaq Hüquqları Komitəsinə ölkədə uşaqların hüquqları ilə bağlı vəziyyət haqda hesabat verməlidir.



1997-ci ildə keçirilən müzakirələrdə Azərbaycanı üç nəfər təmsil edirdisə, bu dəfə 9 nazir müavini təmsil edəcək. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edir.



Yanvarın 19-da müzakirə olunacaq hesabatı Azərbaycan hökuməti BMT-nin Uşaq Hüquqları Komitəsinə hələ 2004-cü ildə təqdim edib. Sadəcə, həmin sənədin müzakirəsi uzadılıb, ona 2006-cı ildə baxılması nəzərdə tutulub.



1997-ci il müzakirələrində iştirak edən Milli Məclisin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli deyir ki, o vaxt Azərbaycan hökuməti qarşısında irəli sürülən tələblərin təxminən 90 faizi artıq yerinə yetirilib. Elə bu baxımından cənab Rəcəbli əmindir ki, Azərbaycan nümayəndə heyəti bu müzakirələrdə çətin vəziyyətdə qalmayacaq.



Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovsa deyir ki, onlar hökumətin təqdim etdiyi hesabatla heç cür razı deyillər. Cənab Bəkirov fikrini onunla əsaslandırır ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin 1997-ci ildə verdiyi 38 tövsiyədən indiyə qədər yalnız bir neçəsi həyata keçirilib. Bunun da ən əsası uşaq hüquqları ilə bağlı qanunların qəbulu ilə bağlıdır. Amma həmin qanunların icrası ilə bağlı əməli bir iş görülməyib.



Uşaq Hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidov da hesab edir ki, hökumət qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tələblərin əksəriyyətinə əməl edib. Amma bu irəliləyişi uşaqların sosial problemlərinin həllinə aid etmək çətindir.
XS
SM
MD
LG