Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:40

Bahalaşma gözlənilir


Səs: Real audio
Jurnalistlərsə aksiyanı keçirəcəklərini bildirirlər Proseslərin gedişatı göstərir ki, bu il Azərbaycanda inflyasiya nəzərdə tutulan həddi – 5 faizi keçəcək. Bu isə bahalaşma yarada bilər. Hətta bəzi ekspertlərin fikrincə, inflyasiya əhalinin artan pul gəlirlərini də qabaqlaya bilər, belə demək mümkünsə, əhalinin builki gəlirləri inflyasiyanın "yeminə" çevrilmək təhlükəsi ilə üz-üzədir



Bu il dövlət büdcəsinin həcmi ötən ilkinə nisbətən təqribən 2 dəfə artıb. 2006-cı ildə əhaliyə köhnə pulla 377 milyard manatlıq ünvanlı sosial yardım veriləcək, pensiyalar və minimum əmək haqqı qaldırılacaq. Ümumiyyətlə, hökumət nəzərdə tutub ki, əhalinin pul gəlirlərini təqribən 25 faiz artırsın. Deməli, dövriyyədəki pulun həcmi çoxalacaq və sadə dillə desək, satıcılar alıcıların daha çox ödəyə bildiklərini görüb qiymətləri qaldıracaqlar. Belə inflyasiyaya "tələb inflyasiyası" deyirlər.



Amma bu il inflyasiyanı sürətləndirən təkcə tələb amili olmayacaq. Yanacağın bahalaşması məhsul və xərclərin maya dəyərini artırır. Nəqliyyat Nazirliyinin ilkin hesablamalarına görə, dizelin qiymətinin 2 dəfə bahalaşması daşımaların maya dəyərinə orta hesabla 30 faiz təsir edəcək. Nəqliyyat xərclərinin artması isə iqtisadiyyatın bütün sahələrində bahalaşmaya səbəb olacaq.



İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, tələb amilinin və denominasiyanın inflyasiya doğuracağı onsuz da proqnozlaşdırılırdı, hökumət gərək yanacağı indi bahalaşdırmayaydı. İqtisadçının fikrincə, belə təzadlı siyasət onu deməyə imkan verir ki, hökumət strukturları arasında vahid fikir yoxdur.



Bunlar inflyasiyaya təsir edən qeyri-monetar – pul-kredit siyasəti ilə bağlı olmayan amillərdir. Monetar amillərsə daha çox Milli Bank tərəfindən tənzimlənir. İndi hökumət ümid edir ki, inflyasiyanı mərkəzi bankın siyasəti cilovlaya biləcək. Milli Bankda isə deyirlər ki, onların əsas hədəfləri baza inflyasiyanı - pul kütləsi ilə bağlı məsələləri nəzarətdə saxlamaqdır. Qeyri-monetar amillərə isə Milli Bank birbaşa təsir göstərə bilmir.



Ötən 2005-ci ildə qeyri-monetar amillərin inflyasiyaya təsiri 60 faiz olmuşdu. Bu həddin 2006-cı il boyu qüvvədə olacağı gözlənilir.



Adətən, inflyasiyanı cilovlamaq mümkün olmayanda, bundan daha çox əhalinin yoxsul təbəqələri ziyan çəkir. İnflyasiyanın idarəolunmaz həddə çatması bir də banklara manatla əmanət qoyanlar üçün problem yaradır, əmanətçi bankdan həmin məbləği alıcılıq qabiliyyəti aşağı düşmüş vəziyyətdə götürür. İdarəolunmaz inflyasiya ən çox bankdan kredit götürənlərə və ölkəyə sərmayə qoyan iş adamlarına sərf edir.



Azərbaycanda inflyasiya təhlükəsi hələ ötən ilin əvvəlində aktuallaşmağa başlamışdı. O vaxt hökumətin özündə etiraf edirdilər ki, inflyasiya 8-9 faizə qədər yüksəlib. Müstəqil ekspertlər isə bu göstəricinin 10 faizi keçdiyini deyirdilər. Bu, əsasən ölkədə inhisarçı qruplaşmaların olması ilə izah edilirdi. İş o yerə çatdı ki, ötən ilin mayında prezident ani-inflyasiya tədbirləri haqqında fərman imzaladı və hökumətin ayrı-ayrı strukturlarına tapşırıqlar verdi.



Beynəlxalq Valyuta Fondunun Azərbaycanla bağlı ötən ilin sonlarında yaydığı press-relizdə də deyilirdi ki, daxili tələbatın sürətlə artımı idxal həcminin əhəmiyyətli dərəcədə böyüməsinə səbəb olacaq. Bu da öz növbəsində iqtisadiyyata inflyasiya təzyiqini gücləndirəcək.



Fondun Azərbaycan iqtisadiyyatının 2006-cı ildəki vəziyyətinə dair proqnozları yanvarın 13-də açıqlanacaq. Ekspertlər məsləhət görürlər ki, əhali əlindəki pulu inflyasiyadan qorumaq üçün onu daşınmaz əmlak bazarına yönəltsin.
XS
SM
MD
LG