Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:12

Ümid sonuncu ölür


Səs: Real audio
Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə layihə direktoru «Azərbaycanın getməli olacağı ən böyük güzəşt Dağlıq Qarabağın statusuyla bağlı olacaq» - deyir Azərbaycanda demokratiyanın inkişafı üçün hələ imkanlar qalmaqdadır



Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib ki, "2006-cı ildə demokratiyanı inkişaf etdirmək bizim qarşımızda duran ən mühüm vəzifələrdən biridir".



Ancaq ötən il Azərbaycanda parlament seçkiləri keçirildi və istər yerli, istərsə də əcnəbi ekspertlərin çoxunun qənaətinə görə, bu seçkilər beynəlxalq standartlara cavab vermədi. Bununla belə, siyasətçilər və ekspertlərin əksəriyyəti hesab edir ki, Azərbaycanda demokratiyanın inkişafı üçün hələ imkanlar qalmaqdadır. Baxmayaraq ki, 2006-cı ildə Azərbaycanda hər hansı bir seçki gözlənilmir.



Maraqlıdır ki, demokratiyanın inkişafı üçün imkanların itirilmədiyini parlament seçkilərinin nəticələrini tanımayan müxalifət partiyaları da deyir. Onlar hesab edirlər ki, bu il seçkilər keçirilməsə də, bir sıra sahələr üzrə islahatlar aparmaqla gələcək inkişaf üçün indidən zəmin hazırlamaq olar. Üstəlik, müxalifətin düşüncəsinə görə, seçki qanunvericiliyi sahəsində müsbət dəyişikliklər məhz seçkiyə bir neçə il qalmış həyata keçirilməlidir.



Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli deyir ki, demokratiyanın inkişaf etdirilməsi istiqamətində problemlər çoxdur. Həm mətbuat azadlığı, həm müstəqil televiziyaların yaradılması, həm də vətəndaşların sərbəst toplaşmaq azadlığının bərpa edilməsi üzərində ciddi düşünməyə ehtiyac var. Ancaq onun sözlərinə görə, xalqın iradəsinə söykənən bir hakimiyyət formalaşmayana qədər istənilən təşəbbüs həmin sadalanan sahələrdə müsbət dönüş yaratmayacaq. Əli Kərimli deyir ki, ona görə də 2006-cı ildə demokratikləşmə sahəsində onların ən böyük gözləntiləri seçki komissiyalarının yenidən formalaşmasıdır.



Demokratiyanın inkişafına gətirib-çıxaracaq islahatların aparılacağına isə AXCP sədri o qədər inanmır. Onun sözlərinə görə, hər halda ötən ilin acı təcrübəsi göstərir ki, Azərbaycan hakimiyyətində demokratiyanı inkişaf etdirməklə bağlı yetərli iradə yoxdur.



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva isə Əli Kərimlidən bir qədər fərqli düşünür. Onun sözlərinə görə, əksinə, ötən ilin təcrübəsi göstərir ki, parlament seçkilərində baş verən bir sıra pozuntu hallarına baxmayaraq, dövlət başçısı ölkədə demokratik islahatların aparılmasında maraqlıdır. Gültəkin Hacıyevanın yenicə başlayan ildən ən böyük gözləntisi isə məhkəmə-hüquq sahəsində islahatların sürətləndirilməsidir.



Gültəkin Hacıyeva hesab edir ki, mayın 13-də 10 dairədə keçiriləcək təkrar seçkilərdə də ötən il yol verilən qanunsuzluqlar aradan qaldırılmalıdır. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti nəinki bu islahatların aparılmasında maraqlıdır, həm də buna məhkumdur. Çünki demokratiyanın inkişafı təkcə Azərbaycan xalqının yox, həm də sivill dünyanın istəyidir.



Müstəqil ekspert Şahin Abbasov isə demokratiyanın inkişafını iqtisadi azadlıqları təmin etmədən mümkün saymır. O deyir ki, ölkədə bir neçə müxalifət mətbuatı dərc edilsə də, onların heç birində irihəcmli reklamlara rast gəlinmir. Çünki iş adamları müxalifət və müstəqil mətbuata reklam verməkdən çəkinir. Ekspertin sözlərinə görə, bu halın özü göstərir ki, müstəqil fikrin ölkədə yaşaması üçün iqtisadi azadlıqlara ehtiyac var.



Şahin Abbasov deyir ki, artıq seçkiylə bağlı emosiya dövrü arxada qalıb. Bundan sonra demokratikləşmə istiqamətində daha soyuqqanlı və daha əzmkar olmaq lazımdır.
XS
SM
MD
LG