Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:15

Təhsil Nazirliyi yalnız iki tələbəyə kömək edə bilib


Səs: Real audio
Oxuduqları müəssisədən xaric edilən iki tələbə isə müddətsiz aclıq aksiyasına başlamağı planlaşdırır Təhsil Nazirliyi oxuduğu ali təhsil müəssisəsindən qovulan üç və qovulmaq təhlükəsi üzləşən bir tələbədən yalnız ikisinə kömək edə bilib. Bunlardan biri Pedoqoji Universitetin kimya fakultəsinin ikinci kurs tələbəsi Sənan Ağacanov, digəri isə İqtisad Universitetinin türk işlətmə kurumu fakultəsinin dördüncü kurs tələbəsi Emin Hüseynovdur. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadənin sözlərinə görə, digər iki tələbəyə- Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakultəsinin dördüncü kurs tələbəsi Turan Əliyev və Pedoqoji Universitetin tarix fakultəsinin dördüncü kurs tələbəsi Namiq Feyziyevə heç cür köməklik göstərmək mümkün olmayıb. Cənab Hüseynzadə deyir ki, adı çəkilən tələbələrin təhsil müəssisələrindən xaric olunmasında heç bir siyasi amil yoxdur və bu, yalnız onların dərsə davamiyyətinin aşağı olması, bir neçə imtahanı verə bilməməsi və daxili nizam-intizama əməl etməmələrilə bağlıdır.



Oxuduqları universitetdən xaric edilən AXCP və «Yeni Fikir» Gənclər təşkilatlarının üzvləri Turan Əliyev və Namiq Feyziyev isə Bayram Hüseynzadənin dediklərilə razı deyillər. Onlar hesab edirlər ki, universitetdən xaric olunmaları dərsə davamiyyətin zəif olması, imtahanları verə bilməmələri və s. məsələlərlə deyil, yalnız siyasi fəaliyyətlərilə bağlıdır.



Namiq Feyziyev bu ilin iyununda universitetdən xaric olunmuşdu və ombudsman Elmira Süleymanovanın məsələyə müdaxiləsindən sonra təhsil aldığı müəssisəyə bərpa olunmuşdu. Cənab Feyziyev deyir ki, o, bərpa olunandan sonra qalan imtahanları verib, dekan ona dərs buraxmamağı tövsiyə edib. İndisə qış sessiyasına 10 gün qalmış ona bildirilib ki, ötən sessiyada imtahanları vermədiyinə görə, universitetdən xaric edilib.



Bakı Dövlət Universitetindən xaric edilən Turan Əliyev isə deyir ki, onun dərsə davamiyyəti yaxşı olub, imtahanlardan da heç bir kəsiri olmayıb.



Ötən şənbə Təhsil naziri Misir Mərdanovla görüşdən sonra bu məsələnin müsbət həll olunacağına inandıqlarını deyən hər iki keçmiş tələbə bildirir ki, belə bir hal baş vermədiyindən onlar müddətsiz aclıq aksiyasına başlamağı planlaşdırırlar.
XS
SM
MD
LG