Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

BP işçilərinə AN-140-da uçmamağı tövsiyə edir


Səs: Real audio
«AzAL» Dövlət Konserni dekabrın 23-də Bakı yaxınlığında AN-140-100 sərnişin təyyarəsi qəzaya uğradıqdan sonra bu tipdən olan təyyarələrin istismarına və ya onun alınmasına heç bir qadağa qoymayıb Konsernin baş direktorunun birinci müavini Sabir İlyasov bu haqda müxtəlif informasiya agentliklərinin yaydıqları məlumatları təkzib edir. O, həmin təyyarənin alınması ilə bağlı razılaşmanı pozmaq məqsədilə Ukraynaya heç bir sənəd göndərilmədiyini bildirir.



Qəzaya uğramış təyyarə Ukrayna istehsalıdır. Prezident İlham Əliyevin bir il əvvəl Kiyevə səfəri zamanı ümumi məbləği 36 milyon dollar olan dörd AN-140-100 təyyarəsinin alınmasına dair razılıq əldə olunub. Təyyarələrdən ikisi Azərbaycana gətirilib, üçüncü isə yola salınmağa hazırdır. Qəzaya uğramış təyyarəsi Azərbaycana 2004-cü il noyabrında verilib.



Hazırda rusiyalı ekspertlərlə yanaşı, Ukraynadan gəlmiş 21 nəfərlik nümayəndə heyəti də hadisənin baş vermə səbəbini araşdırmaqla məşğuldur.



"BP-Azərbaycan" şirkəti isə əməkdaşlarına tövsiyə edib ki, qəza ilə bağlı araşdırma başa çatmadan AN-140-100 təyyarəsindən istifadə etməsinlər. Məlumatı şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı verib.



«Azərbaycan Hava Yolları» şirkətinə məxsus və Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçan AN-140-100 sərnişin təyyarəsi dekabrın 23-də havaya qalxdıqdan bir qədər sonra Nardaran qəsəbəsi yaxınlığında Xəzər sahilinə düşüb.



Təyyarədəki 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olub. Sərnişinlərdən 10-nun Azərbaycan, 4-nün Qazaxıstan, 4-nün isə Avstraliya, Gürcüstan, Türkiyə və İngiltərə vətəndaşları olduğu bildirilir.



Dekabrın 27-də dalğıclar dənizdən daha bir cəsəd tapıblar. Onun bu günədək tapılmamış İsa Abbasovun meyitinin qalıqları olduğu güman olunur. Hazırda ekspertlər bunu araşdırır. Digər 22 nəfərin cəsədləri isə hadisədən az sonra tapılmışdı.
XS
SM
MD
LG