Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:37

Stiven Mann: «Münaqişənin həll edilməməsi tərəflərə baha başa gəlir»


Səs: Real audio
ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədr «böyük qərarlar verilməlidir»-deyir «2005-ci il Praqa prosesinin və Dağlıq Qarabağla bağlı danışıqların düzgün istiqamətdə inkişafının davam etdiyi il oldu».



Bunu «Azadlıq» radiosuna müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, səfir Stiven Mann bildirdi. Diplomat hesab edir ki, 2006-cı ildə Azərbaycan və Ermənistanda seçkilər planlaşdırılmadığına görə, prezidentlər münaqişəyə daha çox diqqət ayıra biləcəklər: «Hər iki ölkədə yaxşı anlayırlar ki, problemin həll edilməmiş qalması onlara baha başa gəlir. Tərəflər etiraf edirlər ki, Qafqazın gələcəyi regional əməkdaşlıqdadır. Bu isə 2006-cı ilin «ümid ili» olması üçün fundament olacaq daha bir faktordur».



Cənab Mannın verdiyi məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşlə bağlı razılığa gəliblər. Görüş yanvarın axırlarına planlaşdırılır. Sülh prosesinin hazırkı məqamında prezidentlərin görüşünə ehtiyac olduğunu bildirən diplomat növbəti görüşün yeri və vaxtı üzərində işin hələ davam etdiyini deyir. «Həmsədrlər bu görüşdən çox şey gözləyirlər. Böyük qərarlar verilməlidir. Xarici İşlər nazirləri və həmsədrlər tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün xeyli iş görüblər. Biz elə bir mərhələdəyik ki, prezidentlərin Kazan və Varşavada olduğu kimi, şəxsən görüşmələrinə ehtiyac var» - deyə, o, bildirir.



Amerikalı həmsədrin sözlərinə görə, son iki ildə Praqa prosesi çərçivəsində tərəflər mövqelərindəki fərqi azaltmaq üçün kifayət qədər böyük inkişafa nail olublar. Amma mühüm fərqlər hələ də qalır və o, 2006-cı ildə mühüm məsələlər üzrə fikir ayrılıqlarının azaltmaq üçün real imkanların olacağına inanır.



S.Mann deyir ki, prezidentlər sülh razılığının əldə olunması üçün səmimi maraq göstərirlər. Lakin real danışıqlara gələndə, Azərbaycan və Ermənistan hələ də, mövqelərində möhkəmdirlər.



Hər iki ölkədə ictimaiyyətin kompromisə hazır olmaması fikri ilə razılaşmayan diplomat bildirir ki, 2006-cı il mühüm il olacaq: «Bu ildə yalnız hər iki tərəfdən hökumətlər deyil, xalqlar qərar verməlidirlər ki, onlar münaqişənin davam etməsini və potensial olaraq pisləşməsini və ya bu müharibədən əzab çəkmiş insanların həyatını yaxşılaşdırmaq istəyirlər».



Stiven Mannın sözlərinə görə, Birləşmiş Ştatlar hökuməti ümid edir ki, tərəflər real tərəqqi əldə etmək üçün 2006-cı ildəki imkanlardan istifadə edəcəklər. «Bu, mənim hökumətimin gözləntisidir və mən bunu hər iki prezidentə çatdırmışam. Hər hansı bir danışıqda heç bir tərəf tələb etdiyinin 100 faizini ala bilmir. Həyatda belə olmur. Lakin hər iki tərəfin bu danışıqlardan qalib kimi çıxması da tamamilə mümkündür» - deyə, o, vurğulayır.
XS
SM
MD
LG