Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Bakı yaxınlığında təyyarə qəzaya uğrayıb<p align=`left`><br><br>


Səs: Real audio
Göyərtədə olan 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olub «Azərbaycan Hava Yolları» (AzAL) Dövlət Konserninin Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140-100 sərnişin təyyarəsi dekabrın 23-də Bakı yaxınlığında qəzaya uğrayıb. Hadisə təyyarə Heydər Əliyev adına Bakı Hava Limanından havaya qalxdıqdan bir qədər sonra yerli vaxtla saat 22.27-də baş verib. Təyyarə Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşüb. Göyərtədə olan 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olub. Sərnişinlərdən 10-nun Azərbaycan, 4-nün Qazaxıstan, digər 4 nəfərin isə Avstraliya, Gürcüstan, Türkiyə və İngiltərə vətəndaşları olduğu bildirilir. Hazırda meyitlərin dənizdən çıxarılması, eləcə də təyyarənin hansı səbəbdən qəzaya uğramasına aydınlıq gətirə biləcək «qara qutu»nun axtarışına başlanıb.



Hadisəni təhqiq etmək üçün prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyaya Baş nazir Artur Rasizadə rəhbərlik edir.



Prezident İlham Əliyev, Baş prokuror Zakir Qaralov və Daxili İşlər naziri Ramil Usubov qəzanın baş verdiyi ərazidə olublar.



Son məlumatlara görə, təyyarənin qəzaya uğradığı yer - Nardaran qəsəbəsinin bir neçə metrliyində Xəzərin sahili polis əhatəsinə alınıb. Faciənin səbəblərini araşdıran komissiya üzvləri ərazini öyrənirlər. Güclü külək təyyarənin qalıqlarının və meyitlərin dənizdən çıxarılmasına mane olur. Hələlik qəzanın hansı səbəbdən baş verməsi barədə rəsmi versiya yoxdur.



Prezident İlham Əliyev həlak olanların ailə üzvlərinə başsağlığı verıb.



AN-140-100 ikimotorlu, orta ölçülü sərnişin təyyarəsidir. 52 yerlikdir. Regional uçuşlar üçün nəzərdə tutulub. Uçuş məsafəsi ən uzağı 3700 kilometrdir. Rusiya, Ukrayna və İranda istehsal edilir. Qəzaya uğrayan təyyarə Ukraynada yerləşən Xarkov Dövlət Aviaistehsal Müəssisəsində buraxılıb. AN-140 təyyarəsinin yeni modifikasiyasıdır. Ümumiyyətlə, AN-140-lar yeni təyyarələrdir, 2001-ci ildən buraxılır. Azərbaycan 2004-cü ilin axırı 2005-ci ilin əvvəlində Ukraynadan 4 AN-140-100 təyyarəsi alıb.



İstehsalına başlanandan 1 il sonra ilk AN-140 təyyarəsi İranda qəzaya uğrayıb. Düz 3 il əvvəl – 2002-ci il dekabrın 23-də AN-140 təyyarəsi İsfahan aeroportu yaxınlığında dağa çırpılıb. Göyərtədə olan 44 nəfər, o cümlədən Ukraynanın ən böyük aviasiya sənayesi müəssisələrinin rəhbərləri həlak olublar. Qəzanın səbəblərini araşdıran Ukrayna rəsmiləri bildiriblər ki, təyyarə eniş zamanı pilotların səhvi ucbatından qəzaya uğrayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG