Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:37

E.Məmmədyarov: «Sülhməramlıların yerləşdirilməsi müzakirə olunan 9 elementdən biridir»


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) gələn il Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəndən sonra bölgədə sülhməramlıların yerləşdirilməsinə dair arayış hazırlayacaq. Bunu deyən Xarici İşlər naziri Elmar Məmmədyarov əlavə edir ki, artıq həmin qrup Azərbaycan və Ermənistana səfər edib. Nazir ATƏT-in hərbi ekspert qrupunun 8 illik fasilədən sonra regiona səfərini sülh danışıqlarında irəliyə doğru addım adlandırır.



Cənab Məmmədyarovun bildirdiyinə görə, bu məsələ danışıqlar prosesində müzakirə olunan 9 elementdən biridir, ancaq sülhməramlı qüvvələrin harada yerləşdirilməsi hələ müzakirə olunmalıdır, yəni bu məsələyə hələ baxılmayıb. Həmin qüvvələrin tərkibi də məlum deyil.



Bir gün əvvəl ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov yerli telekanallara müsahibəsində bildirib ki, tərəflər sülhməramlı əməliyyat barədə razılığa gəlib. Onun sözlərinə görə, ilkin mərhələdə sülhməramlı qüvvələrin sayı 10 min nəfərdən ibarət olacaq. Onların yerləşdirilməsi üçün 3-4 ay lazımdır.



Elmar Məmmədyarov deyir ki, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial məsələləri müzakirə etmək üçün vaxt lazımdır, əgər bir razılığa gəlinsə, nəsə alına bilər. Nazir ortada sülh sazişi olması barədə deyilənləri də təkzib edir.



Xarici İşlər nazirinin gürcü həmkarı Gela Bejuaşvili ilə dekabrın 22-də keçirilən görüşündə də Cənubi Qafqazdakı münaqişələr - Dağlıq Qarabağ, Cənubi Osetiya konfliktləri müzakirə olunub.



Gela Bejuaşvili: «Biz bir daha vurğulamaq istəyirik ki, münaqişələr beynəlxalq hüquq prinsipləri - sərhədlərin bölünməzliyi, dövlətlərin ərazi bütövlüyü əsasında həll olunmalıdır. Biz danışıqların və münaqişənin həlli strategiyasını bu prinsiplər əsaında qururuq».



Gürcüstanda yaşayan azərbaycanlıların problemləriylə bağlı suala cavabında cənab Məmmədyarov dedi ki, bu məsələ onun Tbilisiyə səfəri zamanı müzakirə olunub: «Gürcüstan prezidenti Mixail Saakaşvili bildirdi ki, hazırda hökumət bu ölkədə yaşayan milli azlıqlarla bağlı milli konsepsiya hazırlayır».



Gürcüstanın Xarici İşlər naziri Gela Bejuaşvili isə deyir ki, milliyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün özünüidarəetmə və dövlət işində iştirak üçün bərabər şərait yaradılacaq.



Cənab Bejuaşvilinin dediyinə görə, gələn ildən Gürcüstanla Türkiyə arasında vizasız gediş-gəliş barədə qərar qüvvəyə minir və ölkə vətəndaşları bu hüquqdan istifadə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG