Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:48

Britaniyalı ekspert Qarabağ probleminin tezliklə həllinə inanmır


Səs: Real audio
Təhsil naziri Misir Mərdanov məsələni araşdıracağını deyir Dağlıq Qarabağ konfliktinin həlli üçün "qızıl fürsət" var. Bunu keçən həftə Yerevanda Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri Bernar Fasye deyib. Britaniyalı ekspert Tomas de Uaal isə sülh prosesində ciddi irəliləyişin olacağına inanmır



"Biz problemin həllinə "pəncərə açılıb", "qızıl fürsət" və s. kimi ifadələri əvvəllər də eşitmişik. Ola bilər ki, ortada konfliktin həlli üçün yeni ideyalar var. Lakin mən daha çox skeptikəm – bədbinəm. Tərəflərin bir-birinə olan aqressivliyi yüksək səviyyədə qalır. Münaqişənin həlli üçün tələb olunan istənilən kompromisə heç bir ictimai dəstək yoxdur".



Bunu isə "Azadlıq" radiosuna müsahibəsində "Black Garden" ("Qara Bağ" - red.) kitabının müəllifi Tomas de Uaal deyib.



Bununla belə, britaniyalı ekspert Ermənistanda referendum və Azərbaycanda seçkilərdən sonra vasitəçilərin hərəkətə keçməsini normal hal hesab edir:



"Ola bilsin ki, həmsədrlər qarşıda seçkilərin olmaması faktından prezidentlərə təzyiq kimi istifadə edirlər. Onlar prezidentlərə deyirlər ki, daha seçki yoxdur, artıq ciddi danışıqlar aparmamaq üçün bəhanə olmamalıdır. Lakin prezidentlərin mövqeyi o qədər də güclü deyil. Hər iki prezidentin müxalifəti var. İşlər çətinləşəndə isə həm Ermənistan, həm də Azərbaycanda müxalifət ilk növbədə Qarabağ kartından istifadə edir" – deyə o, bildirir.



Həmsədrlər bildirirlər ki, kompromissiz sülh mümkün olmayacaq. Elə keçən həftə amerikalı həmsədr Stiven Mann Yerevanda tərəflərin mövqelərində qəti olduqlarını, bu səbəbdən razılığın asan olmayacağını deyib.



Tomas de Uaal amerikalı diplomatın bu fikri ilə razılaşır. Onun sözlərinə görə, heç kəs Qarabağı təslim etməyə hazır deyil, xüsusən də Azərbaycan:



"Bu, Azərbaycan üçün daha ağrılı olacaq. Çünki konfliktin dinc həlli yalnız o vaxt mümkündür ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin müstəqillik olmasa da, özünüidarəetməsinə razı olacaq. Hazırda isə bu, Azərbaycanda müzakirə olunmur".



"Azərbaycanın hərbi büdcəsi getdikcə artır. 2006-cı ildə hərbi xərclər 600 milyon dollara çatacaq. Azərbaycan problemi hərbi yolla öz xeyrinə həll edə bilərmi" sualına cavabında De Vall dedi ki, neftə görə Azərbaycan getdikcə varlanır. O, hərbi xərclərini çox yüksəyə qaldıra, müasir silah və texnika ala bilər. Lakin ekspert daha çox münaqişənin coğrafiyasına diqqət yetirməyi vacib sayır:



"Azərbaycanın istənilən hərbi hücum cəhdi böyük itkilər hesabına başa gələcək. Tək elə ona görə ki, Dağlıq Qarabağın bütün ətrafı minalanıb. Yəni pulla silah almaq olar, amma problemi hərbi yolla həll etmək istəyirsənsə, minlərlə gəncin həyatını itirməyə hazır olmalısan".



Tomas de Uaal sülh danışıqlarında nə böyük sıçrayışın olacağına, nə də müharibənin yenidən qızışacağına inanır. Onun ifadəsi ilə desək, "pat vəziyyəti" yaranıb:



"Mən qorxuram ki, Dağlıq Qarabağ getdikcə Kiprin vəziyyətinə düşsün. Nə sülh, nə müharibə vəziyyəti yaranıb. Konfliktin həlli çıxılmaz vəziyyətə düşüb".



Ancaq britaniyalı ekspert burda da problemin Kiprdə olduğu kimi, həllini düşünür: "Münaqişə ilə Avropa Birliyinin məşğul olması, ona yaxınlaşması gərəkdir. Lakin buna neçə-neçə illər lazımdır" –deyə ekspert əlavə edir.
XS
SM
MD
LG