Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:58

ABŞ Dövlət Agentliyi Ermənistana yardımı ləğv edə bilər


Səs: Real audio
Minilliyin Çağırışı Korporasiyası Ermənistandakı siyasi azadlıqlar və hökumət şəffaflığı ilə bağlı narahatlıq ifadə edir «Ermənistan hökuməti kəndlərdə yoxsulluğun azaldılması üçün yaxşı proqram hazırlayıb» - «Millenium Chellenge» - Minilliyin Çağırışı Korporasiyasının Şərqi Avropa və Asiya üzrə direktoru Stefan Qrof belə deyir. Üç hissədən ibarət bu proqram azı 750 min nəfəri əhatə edəcək. Layihə çərçivəsində min kilometrə qədər kənd yollarının bərpası, 250 min kəndlinin çalışdığı fermer təssərüfatlarında məhsuldarlığın artması gözlənilir.



Lakin dekabrın 19-da yeni qrant ayırarkən, Minilliyin Çağırışı Korporasiyası keçən ay Ermənistanda Konstitusiya islahatlarına dair referendumda pozuntuların olması xəbərlərindən narahat olduğunu bildirib. Korporasiyanın icraçı direktoru Con Daniloviç keçən həftə prezident Robert Köçəryana göndərdiyi məktubda Ermənistandakı siyasi azadlıqlar və hökumət şəffaflığı ilə bağlı narahatlıq ifadə edib. ABŞ Dövlət Agentliyi gözləyir ki, Ermənistan hökuməti problemləri aradan qaldırmaq üçün addımlar atacaq. Əks təqdirdə Ermənistana yardım haqqında razılıq dondurula və ya ləğv edilə bilər. Ermənistan rəsmilərinin məsələyə münasibəti hələlik məlum deyil.



Minilliyin Çağırışı Korporasiyasının nümayəndəsi Stefan Qrof Ermənistan hökumətinin referendumda pozuntularla bağlı ittihamları qəbul etməməsindən narahatdır. Onun sözlərinə görə, əgər belə pozuntular baş veribsə, hökumət onları etiraf etməyə borcludur.



«Freedom House» təşkilatının yaydığı yeni hesabatda Ermənistan yenə də qismən azad ölkə kateqoriyasına daxil edilib. Lakin təşkilat Ermənistanda siyasi repressiyaların və qeyri-demokratik idarəçiliyin davam etdiyini bildirərək, ölkənin siyasi azadlıqlar üzrə reytinqini daha da aşağı salıb. «Freedom House» həmçinin Ermənistanı Minilliyin Çağırışı Korporasiyasının qrantlarına namizəd ölkələr arasında siyasi azadlıqların səviyyəsi aşağı olan ölkə siyahısına daxil edib.



Korporasiyanın nümayəndəsi Stefan Qrof deyir ki, agentlik Ermənistan hökumətinin cavabını gözləyəcək və bundan sonra İdarə Heyəti gələcək addımlarını müzakirə edəcək.



O, deyir ki, əgər hər bütün məsələlərə tez baxılsa, gələn ilin əvvəllərində Ermənistan hökumətiylə yeni razılıq imzalana bilər. Lakin hazırkı məqamda, bunun nə qədər tez baş verəcəyi Ermənistan hökumətinin öz əlindədir.



Sentyabrda Minilliyin Çağırışı Korporasiyası Gürcüstana 300 milyon dollar yardım ayırıb. Azərbaycan bu proqrama namizəd ölkələr sırasındadır və hələlik ABŞ-ın bu agentliyindən yardım almayıb.



Corc Buş hökumətinin təsis etdiyi Minilliyin Çağırışı Korporasiyası yaxşı idarəçiliyi olan kasıb ölkələrə yardım ayırır.
XS
SM
MD
LG