Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:41

BDU-dan qovulmuş tələbənin işi araşdırılır


Səs: Real audio
Onlar müəssisənin prezidenti Nurəddin Zülfüqarlının həbsinə etiraz edirlər «Metronun qarşısında «Azadlıq» blokunun mitinqinə çağırış vərəqəsi vardı. Birini əlimə götürdüm və gəldim universitetə. Səkkizinci mərtəbəyə çıxanda 6-7 nəfər düşdü üstümə, əvvəlcə Həmkarlar İttifaqının otağına apardılar və soruşdular ki, nə etmək istəyirsən, kimlə əlaqəlisən? Dedim ki, heç kimlə əlaqəli deyiləm, AXCP-nin Gənclər Təşkilatının üzvüyəm. Sonra rektorun otağına apardılar. Abel Məhərrəmov adımın yazıldığı vərəqəni göstərdi və dedi ki, sən nəzarətdəydin və bu gündən universitetdən xaric olunursan».



Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər fakültəsinin 4-cü kurs tələbəsi, AXCP-nin Gənclər Təşkilatının üzvü Tural Əliyev belə deyir. O, BDU-dan siyasi əqidəsinə görə, qovulduğunu iddia etsə də, universitetin Mətbuat Xidmətinin rəhbəri Qafar Çaxmaqlı hadisəni siyasiləşdirməyin düzgün olmadığını bildirir: «Əmrdə yazılıb ki, universitetin daxili nizam-intizam qaydalarını pozduğuna görə, universitetdən qovulub. Hadisəni siyasiləşdirmək düzgün deyil».



BDU-nun nizam-intizam qaydalarına görə, bir semestr ərzində 100 qayibi olan tələbə universitetdən xaric olunur. Bəzən dərsə getmədiyini etiraf edən Tural Əliyev isə bu qədər qayibinin olmadığını deyir və bildirir ki, əmrdə onun məhz siyasi səbəblərdən universitetdən qovulduğu göstərilib. Qafar Çaxmaqlı isə əmrin iki hissədən ibarət olduğunu deyir: «Birinci hissədə göstərilir ki, bu adam bu işlərlə də məşğul olub. Əmrin ikinci hissəsində isə siyasi fəaliyyət, mitinqə çağırış sözləri yoxdur».



Cənab Çaxmaqlının sözlərinə görə, universitetin rektoru Abel Məhərrəmov Tural Əliyevin valideynlərinin və bir neçə tələbənin xahişini nəzərə alaraq, bu işin yenidən araşdırılmasına dair tapşırıq verib. Amma hələ ki, onun universitetdən xaric edilməsi barədə əmr qüvvədədir.



Bu ilin mayında AXCP fəalı Namiq Feyziyev Pedaqoji Universitetdən kənarlaşdırılsa da, aclıq aksiyasından sonra yenidən oxuduğu ali təhsil müəssisəsinə bərpa olunmuşdu. Parlament seçkisi ərəfəsində isə Təhsil Nazirliyi tələbələri siyasi proseslərdə iştirak etməməyə çağırmışdı.
XS
SM
MD
LG