Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:37

HRW Avropa İttifaqını Azərbaycana təzyiqə çağırır<p align=`left`><br><br>


Səs: Real audio
«Human Rights Watch» beynəlxalq insan hüquqları təşkilatı hesab edir ki, Avropa Birliyi insan haqlarıyla bağlı problemlərin həlli üçün Azərbaycana təzyiq etməlidir Gələn həftənin əvvəli Brüsseldə Avropa Birliyi ilə Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri arasında "Yeni Qonşuluq Siyasəti"nin müzakirəsi olacaq. «Human Rights Watch» istərdi ki, bu siyasət çərçivəsində Azərbaycanın öz üzərinə götürəcəyi öhdəlikləri əhatə edən «fəaliyyət planı»na işgəncə, söz azadlığının məhdudlaşdırılması və insan hüquqlarıyla bağlı problemlərin həllinə dair də konkret istiqamətlər və icra qrafiki daxil edilsin.



Cənubi Qafqaz ölkələrinin Avropa Birliyi ilə iqtisadi, ictimai və mədəni sahədə əlaqələrinin inkişafı həmin öhdəliklərin necə yerinə yetirilməsindən asılı olacaq. «Human Rights Watch» hesab edir ki, bu, Avropa Birliyinin əlində insan hüquqlarının inkişafı üçün Azərbaycana mühüm təsir vasitəsi ola bilər və birlik bu ələdüşməz fürsətdən istifadə etməlidir.



«Human Rights Watch»un Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqner deyir ki, onların belə bir qənaətə gəlməsinin səbəbi Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulması hallarının geniş yayılmasıdır:



«Məncə noyabrda keçirilən parlament seçkiləri Azərbaycanda insan hüquqlarının pozulması hallarının nə dərəcədə geniş yayıldığını göstərən bir nümunə ola bilər. Seçkidən əvvəl yerli hakimiyyət orqanları və polis ölkənin hər yerində müxalifətə və deputatlığa namizədlərə təzyiqlər etdi. Bu pozuntular hətta seçkilərdən sonra da davam etdi. Polisin fəaliyyəti beynəlxalq standartlara uyğun olmadı, o cümlədən, istintaqın aparılması və həbsə alınan vətəndaşlarla davranmaq məsələsində. Seçki ölkədə insan haqları sahəsində çoxlu sayda problemlərin olduğunu qabarıq göstərdi».



Hakim Yeni Azərbaycan partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı isə «Human Rights Watch»un Avropa Birliyinə Azərbaycanla bağlı tövsiyələr verməsini yolverilməz sayır. Onun fikrincə, beynəlxalq qeyri-hökumət təşkilatları hansısa ölkədəki vəziyyətlə bağlı öz mövqelərini ifadə edə bilərlər, amma onların həmin ölkələrə təzyiq etməyə çalışması, üçüncü tərəfə tövsiyə verməsi düzgün deyil. Onun fikrincə, bu ölkələrin daxili işlərinə qarışmaqdır.



Müstəqil ekspert Ərəstun Oruclu isə «Human Rights Watch»un Avropa Birliyinə verdiyi tövsiyələrə normal yanaşdığını deyir. Onun fikrincə, Azərbaycanda insan haqlarının pozulması faktları var və onların aradan qaldırılmasına çalışan beynəlxalq təşkilatların hərəkətində bəd niyyət axtarmaq düzgün deyil: «İnsan haqları heç bir ölkənin daxili işi ola bilməz. Bu, bəşəri dəyərdir».



«Human Rights Watch» son açıqlamasında bildirir ki, təşkilat işgəncə və insan haqlarının pozulmasıyla bağlı problemlərin həlli üçün Avropa Birliyinin Gürcüstana və Ermənistana da təzyiq göstərməsini istərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG