Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:11

Gənc vokalçıların müsabiqəsi başa çatıb


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var - İlk dəfə idi ki, beynəlxalq müsabiqədə iştirak edirdim. Çox çətin müsabiqə idi. Çox güclü səslər var idi. Mən ikinci yerlə razıyam, bu da az nailiyyət deyil.



Həmsöhbətim Mahirə Quliyeva Vokalçıların Bülbül adına III Beynəlxalq Müsabiqəsində II mükafata layiq görülüb.



Noyabrın 28-dən dekabrın 8-dək davam edən bu müsabiqədə Rusiya, Ukrayna, Çin, Gürcüstan, Özbəkistan və Azərbaycanı təmsil edən 57 gənc vokalçı iştirak edib.



Gənc vokalçıların kifayət qədər istedadlı olduğunu deyən münsiflər heyətinin sədr müavini, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin sözlərinə görə, əvvəlki iki müsabiqədən fərqli olaraq bu dəfə 10 min Amerika dollarından ibarət "Qran-Pri" mükafatını azərbaycanlı iştirakçı almayıb.



- Bu dəfə Azərbaycandan "Qran-Pri" alan olmadı. Bir tərəfdən mən buna görə bir az narahatam. Digər tərəfdən də yaxşı ki, bu dəfə "Qran-Pri" başqa ölkəyə gedəcək, çünki iki dəfə dalbadal – I və II müsabiqələrdə bizimkilər "Qran-Pri" alırdılar. Bu müsabiqədə isə "Qran-Pri"ni Özbəkistandan Əbdumalik Əbdukayumov aldı. Mən çox şadam ki, belə yüksək səviyyəli müğənni bizim müsabiqənin laureatı adını daşıyacaq.



Azərbaycanı təmsil edən 13 iştirakçıdan Dinarə Əliyeva III, Elçın Əzizov və Əvəz Abdullayev də IV yerlə kifayətləniblər. Ən yaxşı xalq mahnısı ifaçısı nominasiyasında Fərid Əliyev fərqlənib.



Səidə Şərifəliyeva isə Bakı Musiqi Akademiyasının ən istedadlı tələbəsi üçün təsis edilən xüsusi təqaüdə layiq görülüb. Səidə Şərifəliyeva hər ay 500 min manatdan ibarət bu təqaüdü növbəti beynəlxalq müsabiqələrə qatılmaq üçün yığacağını deyir.



Dekabrın 8-də müsabiqənin iştirakçıları Filarmoniyada yekun konsert proqramı ilə çıxış ediblər.
XS
SM
MD
LG